“Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının ingilis və ispan dillərində nəşrinin təqdimatı keçirilib.
Aktual.ge xəbər verir ki, tədbirdə mərkəzin müəllim və tələbələri, icma mərkəz rəhbərləri, həmçinin gürcü ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin təsisçilərindən biri Leyla Əmrahova çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm Zəfərə kitablar, salnamələr həsr olunduğunu, bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının öz aktuallığı ilə seçildiyini deyib:
“44 günlük Zəfər savaşında insan faktorunun vacibliyini, əhəmiyyətini gördük. Prezident İlham Əliyev hər bir əsgərə, hər bir zabitə öz şəxsi timsalında nümunə oldu və bu kitab məhz şəxsiyyət faktorunu, şəxsiyyətin rolu ilə bağlı vacib məsələləri diqqətə çatdırır."
O, bildirib ki, kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əks olunub.
Kitabın Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan ingilis dilində də nəşrinin gürcü ictimaiyyətinə və Gürcüstanda akkreditə olunmuş xarici nümayəndəliklərinə də çatdirilmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, kitabda, həmçinin Heydər Əliyev Fondunun azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Bildirilib ki, kitabda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Vətən müharibəsindəki şanlı qələbə, qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti geniş və ətraflı işıqlandırılıb.
Qeyd edək ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırkı dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb.
Kitaba tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 6 dildə çap edilən “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabı Gürcüstan oxuyucalarına ingilis və ispan dillərində təqdim olunub.