2024-cü ilin oktyabr ayında Gürcüstanın Milli Bankı lari məzənnəsinin sabitliyini təmin etmək üçün bazara rekord həcmdə dollar təqdim edib.
Aktual.ge xəbər verir ki, yalnız bir ay ərzində Milli Bank valyuta hərraclarında 213,4 milyon dollar satıb, BMatch platforması vasitəsilə isə əlavə olaraq 377,7 milyon dollar əməliyyat həyata keçirib. Ümumilikdə, oktyabr ayında Milli Bank bazara 591,2 milyon dollar təqdim edib.
Yanvar-oktyabr dövrünün göstəricilərinə gəldikdə isə, 10 ay ərzində Milli Bank valyuta hərraclarında 382,1 milyon dollar, 'BMatch' platforması vasitəsilə isə 484,2 milyon dollar satıb. Bu il ərzində ümumi valyuta müdaxilələrinin həcmi 866,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, Milli Bank valyuta bazarında əməliyyatlarını 'BMatch' platforması və valyuta hərracları vasitəsilə həyata keçirir. BMatch platforması, 'Bloomberg'in elektron ticarət sistemlərindən biridir və bu sistem vasitəsilə valyuta konvertasiyası həyata keçirilir.
Məlumat üçün bildirək ki, Gürcüstanın valyuta ehtiyatlarının həcminə gəlincə, 2024-cü ilin aprelində Beynəlxalq Valyuta Fondu ehtiyatların səviyyəsinin adekvatlıq həddindən aşağı düşdüyünü və onun artırılmasının zəruri olduğunu açıqlayıb.