Hazırda Tbilisidəki aksiyaya paralel olaraq Batumidə də aksiya başlayıb.
Aktual.ge xəbər verir ki, Batumidə aksiya ilk olaraq yürüşlə başlayıb.
Nmüayişçilər Avropa meydanından başlayıb Barataşvili küçəsinə doğru irəliləyiblər. Onlar etiraz əlaməti olaraq Batuminin girişini, daha doğrusu kanat yolu yaxınlığındakı küçəni bağlamağı planlaşdırırlar.
Aksiyada siyasi partiyaların nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri iştirak edirlər.
“Burada İncəsənət Universitetinin, Batumi Dövlət Universitetinin, Hərbi Dəniz Akademiyasının tələbələri var... Bizim hamımızın bir əsas tələbimiz var, gürcüləri Avropa gələcəyindən məhrum edən Rusiya hökumətini artıq istəmirik”, - deyə aksiyaçılar söyləyir.
Aksiyaçılar "Gürcü Arzusu"nun 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər dayandırması qərarına etiraz edirlər.
Qeyd edək ki, hazırda Tbilisidə Parlamentin önündə də etiraz aksiyası davam edir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabrda parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra Avropa İttifaqı ilə danışıqlarla bağlı açıqlama verib. Hakim partiyanın qərarına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddətdə hər hansı büdcə qrantını qəbul etməyəcək.
Baş nazirin bu bəyanatından sonra Tbilisidə gərginlik artıb. Minlərlə insan Parlamentin önünə toplaşaraq etiraz aksiyası keçirib. 29 noyabr gecəsi aksiya daha da şiddətlənib, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində onlarla etirazçı saxlanılıb, 43 polis əməkdaşı yaralanıb.