"Gedin Avropanın istənilən ölkəsində və ya Amerikada bir polis məmuruna dünən bəzi aksiya iştirakçılarının danışdığı tərzdə danışın, görün sizə nə edəcəklər – sümüklərinizi qıracaqlar. Elə düşünməyin ki, bu gün, üzr istəyirəm, Şevardnadze dövrünün hökumətidir. Bu gün Gürcüstanın qanunu qoruyan bir hökuməti var".
Aktual.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze 28 noyabr aksiyasının dağıdılması barədə jurnalistlərə açıqlama verərkən bildirib.
Kaladzenin fikrincə, Daxili İşlər Nazirliyinin əməkdaşları asayişi qoruyur və insanların təhlükəsizliyini təmin edirlər.
"Kiminsə polisə yaxınlaşıb, onu təhqir etmək, ona tüpürmək, şüşə və daş atmaq hüququ yoxdur. Bu cür davranışlar həmişə uyğun reaksiya ilə qarşılanacaq. Gedin Avropanın və ya Amerikanın istənilən ölkəsinə, polisə belə danışmağa cəhd edin, görün, onlar nə edəcəklər – sümüklərinizi qıracaqlar" , – deyə Kaxa Kaladze qeyd edib.
Bununla yanaşı, mer, aksiyanı dağıtmaq üçün istifadə olunan su şırnağında kimyəvi maddələr olduğu barədə yayılan xəbərləri "absurd" adlandırıb.
"Nəyi uydurursunuz? Nə kimyəvi maddə? Bu cür axmaq şeylər danışmayın. Aksiya keçirmək, söz və ifadə azadlığı bu ölkədə təmin edilir. Hər kəsin öz etirazını müxtəlif formalarda ifadə etmək hüququ var, amma bu qanun çərçivəsində olmalıdır. Kim olur-olsun – jurnalist, iş adamı, hətta siyasətçi – qanunu pozursa, bu həmişə reaksiya doğuracaq. Sülh yolu ilə etiraz etməkdə heç bir problem yoxdur, amma kim polisə təhqir edirsə, ona nalayiq sözlər deyirsə, şüşə və daş atırsa, sizcə, bu, cavabsız qalacaq? Biz elə bir ölkədə yaşayırıq ki, söz və ifadə azadlığı qorunur, amma bunun öz sərhədləri var. Qanunu pozduqda həmişə uyğun reaksiya olacaq" , – deyə "Gürcü Arzusu"nun Baş katibi Kaxa Kaladze vurğulayıb.