Marneulidə 29 noyabr tarixində "Tea House"da rəsm kursunun üzvlərinin açıq havada təşkil etdiyi "Ağ və Qara Harmoniyası" adlı sərgi keçirilib.
Aktual.ge məlumat verir ki, açıq havada baş tutan tədbiri "Tea House"un rəhbəri Emin Əhmədov açaraq, iştirakçıları salamlayıb və gənclərə rəssamlıq peşəsini mənimsəməkdə uğurlar arzulayıb. O, belə tədbirlərin gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq və incəsənətə olan marağı artırmaq baxımından əhəmiyyətini vurğulayıb.
Sərgidə "Tea House" rəsm kursunun üzvləri tərəfindən sadə qələmlə çəkilmiş 40-a yaxın əl işi nümayiş olunub.
Tədbir zamanı iştirakçılar üçün xüsusi hazırlanmış kətan üzərində kömürlə sərbəst mövzuda rəsmlər çəkmək imkanı yaradılıb. Sərginin məqsədi regionda incəsənətin inkişafını təşviq etmək, rəssamlığa marağı artırmaq və rəsmlə yeni məşğul olan yeniyetmə və gəncləri həvəsləndirmək olub.
Tədbirdə gənc fəallardan Rania Kərimova rəssamlıq, Emin Məmmədov informasiya texnologiyaları və Emin Binnətov futbol sahəsində əldə etdikləri uğurlar və könüllü fəaliyyətlərinə görə hədiyyələrlə təltif olunublar.
Sərgi "Tea House" rəsm müəllimi və gənc rəssam Emilya Hüseynovanın rəhbərliyi ilə həyata keçirilib.