Xüsusi təyinatlılar Parlamentin önündə aksiyanı DİN-in xəbərdarlığının ardından dağıtdıqdan sonra Respublika Meydanına üz tutan aksiya iştirakçılarından bir qismi yenidən Rustaveli prospektinə qayıdaraq etirazların ikinci dalğasını başladıb.
Aktual.ge xəbər verir ki, hazırda aksiya iştirakçıları “Tbilisi Marriot” otelinin yaxınlığında toplaşıb. Onlar burada zibil qutularından barikadalar qurub və ocaq qalayıblar. Etirazçılardan təxminən 100 metr məsafədə su şırnağı maşınları və "Robocop" adlı xüsusi təyinatlılar dayanıb. Polis qüvvələri vaxtaşırı qaz bombaları atsa da, etirazçılar cavab olaraq pirotexniki vasitələrdən istifadə edirlər.
Nümayişçilər tez-tez “Yaşasın Gürcüstan!”, “Gürcüstan!” kimi şüarlar səsləndirirlər. Gecə yarısı olmasına baxmayaraq, aksiyada minlərlə insan iştirak edir.
Qeyd edək ki, aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri saxladı öyrənilib. Bundan əlavə, həm etirazçılar, həm də polis əməkdaşları arasında xəsarət alanların olduğu məlum olub.
Xatırladaq ki, oxşar hadisələr ötən günki aksiyada da qeydə alınmışdı.