
Rəcəb ayı hicri-qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. İslam dini mənbələrinə görə bu ay İlahi rəhmətin yağan ayıdır və bərəkətli, eləcə də müqəddəs aydır.
Aktual.ge məlumat verir ki, Hicri qəməri təqvimi ilə bu il yanvarın 1-dən mübarək Rəcəb ayı daxil olub. Yəni 1 yanvar mübarək Rəcəb ayının ilk günüdür.
İslam mənbələrində qeyd olunur ki, Rəcəb ayı – o xüsusi zamanlardandır ki, rəhmətlə doludur. İnsanların qarşısına çoxlu fürsətlər qoyulur ki, bacardıqları qədər İlahi rəhmətdən daha çox faydalansınlar.
Həzrət Məhəmməd Mustafa (s) Peyğəmbərimiz Rəcəb ayı barədə buyurub:
"Rəcəb ayı mənim ümmətim üçün 'İstiğfar və tövbə ayıdır' ".
İslam Peyğəmbəri (s) başqa bir hədisdə isə belə buyurub:
"Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allah-Taalanın razılığını qazanar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar".
Əziz Peyğəmbərimiz başqa bir hissədə də, təkidlə bildirilir ki, Rəcəb ayının 3 gününü oruc tutan bəndəyə behişt vacib olar.
Həzrət İmam Əli (ə) buyurub:
"Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah-Taala onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib".
Qeyd edək ki, İslam dininə görə Rəcəb ayı üç müqəddəs aydan biridir. İslam dinində üç müqəddəs ay vardır - Rəcəb, Şaban və Ramazan.
Məlumat üçün bildirək ki, bu il Ramazan ayının martın 2-də daxil olacağı ehtimal edilir. Daha dəqiq isə ayın görünməsi ilə müəyyən olunur.