İnsan metapnevmovirusu (HMPV) adətən soyuqdəymə ilə oxşar simptomlara səbəb olan bir virusdur. Öskürək, nəfəsalmada çətinlik, burun axıntısı və ya boğaz ağrısı kimi əlamətlər müşahidə edilə bilər. Əksər hallarda yüngül keçsə də, kiçik uşaqlar, 65 yaşdan yuxarı və immun sistemi zəif olan insanlar üçün daha ciddi xəstəlik riski vardır. HMPV olduqca geniş yayılıb və 5 yaşına qədər uşaqların əksəriyyəti bu virusa yoluxur.
Aktual.ge məlumat verir ki, İnsan metapnevmovirusu (HMPV) Çində yayılıb. Yeni virus deyil. Respirator virusların bir növüdür. Bu virus illərdir, mövcuddur. HMPV əsasən yuxarı tənəffüs yollarının infeksiyalarına səbəb olur, lakin bəzən aşağı tənəffüs yollarında da infeksiyalar yarada bilər, məsələn, pnevmoniya və ya astma tutmaları. HMPV infeksiyaları əsasən qış və erkən yaz aylarında daha çox rast gəlinir.
HMPV və COVİD-19-un fərqi
Mütəxəssislər HMPV-nin Covid-19 qədər öldürücü və yoluxucu olmadığını qeyd etsələr də, gigiyena qaydalarına riayət edilməli və nəzarətdə saxlanılmalı olduğunu da vurğulayırlar.
HMPV və soyuqdəymə eyni xəstəlikdir?
Qeyd etdiyimiz kimi, HMPV əsasən soyuqdəymə ilə oxşar əlamətlər yaratsa da, bəzi hallarda ciddi xəstəliklərə səbəb ola bilər. Xüsusilə, ilk yoluxma zamanı ciddi simptomlar daha çox müşahidə edilir. Bu səbəbdən kiçik uşaqlar və immun sistemi zəif olanlar daha yüksək risk altındadır.
HMPV virusuna kimlər yoluxur?
Araşdırmalara görə, uşaqlarda tənəffüs yolu xəstəliklərinin təxminən 10-12%-i HMPV ilə bağlıdır. Əksər hallarda xəstəlik yüngül keçir, lakin 5-16% arasında dəyişən nisbətlə aşağı tənəffüs yollarının infeksiyaları (məsələn, pnevmoniya) inkişaf edə bilər.
HMPV-nin simptomlarına aşağıdakılar daxildir:
• Öskürək
• Qızdırma
• Burun axıntısı və ya tutulması
• Boğaz ağrısı
• Nəfəs alarkən xırıltı
• Nəfəs darlığı
• Dəri səpgiləri (nadir hallarda)
HMPV necə yoluxur?
HMPV infeksiyalı bir şəxslə birbaşa təmas və ya virusla çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür:
• Öskürmə və asqırma zamanı havaya yayılan damcılar.
• Yoluxmuş şəxslə əl sıxmaq, qucaqlaşmaq və s.
• Telefon, qapı dəstəyi, klaviatura kimi əşyalarla təmas.
Risk faktorları
HMPV infeksiyasını ağır keçirmə riski olan qruplar:
• 5 yaşdan kiçik uşaqlar (xüsusilə vaxtından əvvəl doğulmuş körpələr).
• 65 yaşdan yuxarı insanlar
• İmmuniteti zəif olanlar (HİV, xərçəng, xroniki və autoimmun xəstəlikləri olanlar və ya immuniteti zəiflədən dərmanlar qəbul edənlər).
• Astma və ya obstruktiv xroniki ağ ciyər xəstəlikləri ( OXOX) kimi xroniki tənəffüs xəstəlikləri olan insanlar.
Fəsadlar
HMPV aşağıdakı kimi ciddi fəsadlara səbəb ola bilər:
• Bronxiolit.
• Bronxit.
• Pnevmoniya.
• Astma və ya obstruktiv xroniki ağ ciyər xəstəlikləri ( OXOX) tutmaları.
• Qulaq infeksiyası (otitis media).
Müalicə metodları
HMPV üçün xüsusi antiviral dərmanlar mövcud deyil. Əksər insanlar simptomlarını evdə idarə edə bilər. Ciddi hallarda xəstəxanaya yerləşdirilmə tələb oluna bilər və aşağıdakı müalicələr tətbiq edilə bilər:
• Oksigen terapiyası: Nəfəsalmada çətinlik çəkən xəstələrə verilməli.
• Vena daxili infuziyalar: Dehidrasiyanın qarşısını almaq üçün .
• Kortikosteroidlər: İltihabı azaldaraq simptomları yüngülləşdirmək.
• Bundan əlavə, Echinacea compositum Yüksək dozalı Vitamin C (Pascorbin 7,5 q) və Engystol ( kiçik yaşlı uşaqlara isə Echinacea compositum və Engystol)
Antibiotiklər lazımdırmı?
HMPV bir virus olduğu üçün antibiotiklər təsirli deyil. Lakin HMPV ilə yanaşı bakterial infeksiya baş verərsə (məsələn, ikincili pnevmoniya), həkim antibiotik təyin edə bilər.
Profilaktika yolları
HMPV-dən qorunmaq üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:
• Əlləri tez-tez sabun və su ilə yumaq.
• Asqırarkən və ya öskürərkən ağzı və burnu dirsək içi ilə örtmək.
• Xəstə insanlarla təmasda olmamaq.
• İctimai yerlərdə maska taxmaq.
• Gözlərə, buruna və ağıza toxunmaqdan çəkinmək.
• Qab-qacaq, kosmetika kimi şəxsi əşyaları başqaları ilə bölüşməmək.
Proqnoz
HMPV adətən bir neçə gün və ya bir həftə ərzində keçən yüngül simptomlara səbəb olur. Ağır hallarda sağalma müddəti daha uzun ola bilər. Simptomlar yaxşılaşmazsa və ya pisləşərsə, tibbi yardım alınmalıdır.
Nə zaman həkimə müraciət etməli?
Aşağıdakı hallarda həkimə müraciət etmək vacibdir:
• 3 gündən uzun davam edən yüksək hərarət zamanı.
• Nəfəsalmada çətinlik və ya nəfəs darlığı olduqda.
• Dəridə, dodaqlarda və ya dırnaqlarda göyərmə müşahidə edildikdə.
• Digər xəstəliklərin kəskinləşdikdə və ya simptomlar ağırlaşdıqda.
Qeyd edək ki, sözügedən virusun yayılması ilə əlaqədar artıq bəzi ölkələr profilaktik tədbirlər alıb.
Mənbə: Medicina