Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı TEKNOFEST çərçivəsində təşkil olunan 2025-ci il texnologiya müsabiqələrinə müraciətlər başladı. Bu il yeni ünvanı İstanbul olan TEKNOFEST, 45 milyon TL mükafat və 75 milyon TL-dən artıq material dəstəyi ilə həyəcanı yenidən zirvəyə qaldırır.
Bu barədə Aktual.ge xəbər portalına Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) mətbuat xidmətindən məlumat verilib.
"2025-ci ildə Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin təşəbbüsü ilə keçiriləcək TEKNOFEST, bu dəfə İstanbulda milyonlarla texnologiya həvəskarını bir araya gətirməyə hazırlaşır.
Hər il yenilənən müsabiqə kateqoriyaları ilə diqqət çəkən və Türkiyənin ən böyük mükafatlı texnologiya müsabiqələrinə ev sahibliyi edən TEKNOFEST, 2025-ci ildə 51 əsas kateqoriya və 117 alt kateqoriyada təşkil olunacaq.
TEKNOFEST 2025 Texnologiya Müsabiqələrinə müraciətlər 20 fevral tarixinədək davam edəcək" , - məlumatda deyilir.
51 fərqli kateqoriyada həyəcan TEKNOFEST İstanbulda
"TEKNOFEST 2025-də gənclərin səbirsizliklə gözlədiyi Roket Yarışması, Model Peyk Yarışması, Pilotsuz Uçuş Aparatları Yarışması, Hava Hücumundan Müdafiə Sistemləri Yarışması, Aviasiyada Süni İntellekt Yarışması, Əlillər üçün Həyat Texnologiyaları Yarışması və Blokçeyn Yarışması kimi 51 fərqli kateqoriyada texnologiya müsabiqələri keçiriləcək.
Bu il əvvəlki illərdən fərqli olaraq Su Altı Roket Yarışması, Pilotsuz Quru Aparatı Yarışması, Beynəlxalq Uşaq Elm Yarışması və TEKNOFEST Memarlıq və Vizual Dizayn Yarışması ilk dəfə müraciətlərə açılaraq texnologiya həvəskarlarına tamamilə yeni imkanlar təqdim edəcək.
Yarışmalar İstanbul mərkəzli olaraq Marmara bölgəsinin müxtəlif nöqtələrində keçiriləcək və texnologiya həvəskarlarına unikal bir təcrübə yaşadacaq.
İstanbulda təşkil olunacaq TEKNOFEST 2025 çərçivəsində texnologiya müsabiqələrinə müraciətlər 20 fevralda sona çatır" , - qeyd olunub.
Bildirilib ki, www.teknofest.org saytından müraciət edilə bilər.