
Bu gün Marneuli bələdiyyə məclisinin iclası keçirilib.
Aktual.ge xəbər verir ki, VMH partiyasının Marneuli bələdiyyə məclisindəki üzvü Ramal Əhmədov, iclasda gündəlik məsələlər müzakirə olunduqdan sonra Şərifov və Alget küçələrində vətəndaşların aylardır içməli su problemi ilə üzləşdiyini bildirib.
“Şərifov küçəsində 7 aydır içməli su yoxdur. Vətəndaşlar suyu pulla alırlar. Alget küçəsində də içməli sudan əziyyət çəkirlər. Birləşmiş Su Şirkəti ilə əlaqə saxlamağa çalışırıq, amma zənglərə cavab verilmir, problem hələ də həll olunmayıb”, - Ramal Əhmədov deyib.
Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, Ramal Əhmədovun çıxışına cavab olaraq vətəndaşların bu problemlə bağlı müraciət etmədiklərini bildirib:
“7 aydır su yoxdursa, vətəndaşlar niyə bununla bağlı bizə müraciət etməyiblər? Bizə heç bir müraciət daxil olmayıb. Su idarəsi özəl şirkətdir. Şirkətin əməkdaşları telefon zənglərinə cavab vermirsə, buna mən nə cavab verə bilərəm? Mənim əməkdaşım deyil. Su idarəsi Kostava küçəsində yerləşir, vətəndaşlar ərizə ilə ora müraciət edə bilərlər”, - Amiran Qiorqadze əlavə edib.