
Son iki həftə ərzində Gürcüstanda "donuz qripi" ilə bağlı bir neçə ölüm hadisəsi qeydə alınıb. Xəstələrin ölümü H1N1-in fəsadları ilə yanaşı, müşayiət olunan xəstəliklərdən qaynaqlanıb.
Aktual.ge xəbər verir ki, bu barədə "Rustavi2" telekanalı məlumat yayıb.
Məlumata əsasən, ölkədə A tipli virusların halları gündən-günə artır və buna uyğun olaraq klinikalara müraciətlərin sayı da çoxalıb. Xəstələr əsasən yüksək hərarətin dərman vasitəsilə azalmadığı hallarda klinikalara müraciət edirlər.
Həkimlər bildirir ki, "donuz qripi" üçün antiviral preparatlarla müalicə xəstəliyin ilk 72 saatında effektivdir, buna görə də xəstələri vaxtında həkimə həkimə müraciət etməyə çağırırlar. Belə ki, ölkədə son vaxtlar xüsusilə uşaqlar arasında qrip virusunun fəsadlarının artdığı müşahidə olunur. Risk qrupuna 2 yaşdan kiçik və xroniki xəstəlikləri olan uşaqlar daxildir. Pediatriya şöbələrindəki xəstələrin 52 faizi "donuz qripi"nin təsdiqlənmiş hallarıdır. Virus fonunda klinikada yerləşdirilən azyaşlıların əksəriyyətində sətəlcəm olduğu müəyyən olub, lakin digər ciddi fəsadların da geniş spektri mövcuddur.
Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını gözləyirlər.
Qeyd olunub ki, "donuz qripi"ndən ölənlərini heç biri mövsümi viruslara qarşı peyvənd olunmayıbmış.