
Saqareco rayonunun Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub.
Aktual.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Samir Əbdürəhmanov, Ramiz Hacızadə, Saqareco rayonunun meri Aftandil Qulikaşvili, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları, məktəblilər Qaraçöp kəndindəki “Şəhidlik” memorialı önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla anaraq onların ruhuna dualar oxuyublar.
Çıxış edənlər Azərbaycan və gürcü xalqlarının müstəqillik uğurundakı mübarizəsindən, sovet imperiya qüvvələrinin xalqlarımızın mübarizə əzmini qırmaq üçün törətdiyi dəhşətli cinayətlərdən, vəhşiliklərdən söz açıblar. Bildirilib ki, imperiya qüvvələri 1989-cu il aprelin 9-da Gürcüstanda və 1990-cı il yanvarın 20-də Azərbaycanda qırğınlar törətsə də, heç nəyə nail ola bilməyiblər. Xalqlarımız şəhidlərin qanı bahasına suverenliyini bərpa edib, müstəqil dövlət qurublar.
Vurğulanıb ki, 20 Yanvar faciəsi zamanı 6 nəfər Gürcüstan azərbaycanlısı şəhid olub. Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur.
Sonra səfirliyin əməkdaşları şəhidin doğulduğu evdə olub, ailə üzvləri və yaxınları ilə görüşüblər.
Bildirilib ki, 1966-cı il martın 15-də Qaraçöpdə dünyaya göz açan Ələsgər Qayıbov şəhidlik zirvəsinə ucalarkən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o, xeyli sayda yaralıya köməklik göstərib. O, vətənini sevən, fədakar bir gənc olub və Azərbaycan uğrunda canını fəda edib. Ələsgər Qayıbov, Azərbaycan uğrunda tələbə dostları ilə birlikdə mübarizə aparıb. Həmin gecə Ələsgər Qayıbov yaralıların köməyinə tələsərək dəfələrlə Gənclik metrosu yaxınlığından 5 nömrəli xəstəxanaya gedib-qayıdıb. Axırıncı dəfə isə özü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin aldığı güllə yarası onun həyatını xilas etməyə imkan verməyib.
Qeyd olunub ki, ailənin xahişi və Azərbaycan səfirliyinin yaxından iştirakı ilə Bakının N.Nərimanov rayonundakı Ələsgər Qayıbov küçəsində şəhidin xatirə lövhəsi asılıb.
Şəhidin yaxınları və ziyalılar göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.
Məlumat üçün qeyd edək ki, “Şəhidlik” memorialı Gürcüstanın müstəqilliyi uğrunda 1989-cu il aprelin 9-da Tbilisidə və Azərbaycanın müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılıb. Abidənin müəllifi əslən Saqarecodan olan Azərbaycanın Əməkdar rəssamı mərhum Zahid Hüseynovdur (Şəmirli). Xatirə kompleksi 1991-ci il yanvarın 20-də açılıb.
1990-cı ilin Qanlı yanvarında Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli qırğında şəhid olan qəhramanlardan biri də Marneuli rayonunun Kirəç-Muğanlı kənd sakini Vəfadar Eminovdur.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Kirəç-Muğanlı kəndində şəhidin doğulub boya-başa çatdığı evi ziyarət edib.
Doğmaları deyir ki, V.Eminov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsində oxuyurdu, eyni zamanda, 1 nömrəli Tikiş fabrikində fəhlə işləyirdi. Hüquqşünas kimi qanunun keşiyində durmaq arzusu olsa da, bu, həyata keçmədi. O, 1990-cı il yanvarın 21-də sessiya imtahanını verib, “5” almışdı. Lakin bu, sevinə biləcəyi bir gün olmadı. İmtahandan sonra saat 13:00 radələrində yaralılara qan vermək üçün xəstəxanaya gedir, oradan çıxarkən düşmən gülləsinə tuş gəlir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 24 yaşında şəhadətə ucalan Vəfadar Eminov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.