
Kibertəhlükəsizlik mütəxəssisi Andro Qotsiridze Gürcüstan vətəndaşlarının rəqəmsal məlumatlarının mümkün sızması ilə bağlı yaranan təhlükələr haqqında sosial şəbəkədə yazıb.
Aktual.ge xəbər verir ki, o, yazısında baş verən hadisənin təhlüklərini izah edib:
"Almaniyada yerləşən 'Cloud Service Provider' təminatçısı üzrə açıq axtarış zamanı Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarını ehtiva edən iki böyük məlumat bazası qeydə alınıb və qısa zamanda bağlanıb. Bu bazalardan biri 4,5 milyon, digəri isə təxminən 7 milyon qeydi əhatə edirdi.
Məlumat bazası şəxsi nömrə, tam ad və soyad, doğum tarixi, cinsi, sığorta identifikatoruna bənzər sertifikat nömrəsi, mobil telefon nömrəsi və sahibinə aid təsvir kimi həssas şəxsi məlumatları özündə birləşdirirdi. Bazadakı məlumatların bir hissəsi 2020-ci ildə baş verən məlumat sızıntısından sonra yaranan məlumatlara çox bənzəyir və seçki komissiyasına aid sızma kimi təqdim edilmişdi, lakin dövlət bu sızmanı inkar etmişdi.
Tapılmış məlumatlar ehtimal ki, dövlət və özəl strukturlarda saxlanılan məlumatların birləşməsi nəticəsində yaranıb. Bazada təkrarlanan qeydlər çox olduğu üçün ümumi rəqəm Gürcüstan əhalisinin sayından çoxdur. Bir baxışda Gürcüstan əhalisinin kibertəhlükələr haqqında şüurunun müəyyən qədər artdığı görünə bilər. Lakin şəxsi məlumatların sızmasından yaranan risklər nə dövlət, nə də vətəndaşlar tərəfindən lazımi şəkildə qiymətləndirilmir. İnsanlar 'Kim istəyir, mənim şəxsi nömrəmi bilsin, nə olacaq ki...' kimi yanlış yanaşmaya sahibdirlər. Lakin bu qədər şəxsi məlumat sizin adınızdan cinayət törətmək, gizli dinləmələr aparmaq, fiziki təzyiq planlaşdırmaq, fişinq və ya sosial mühəndislik kampaniyaları təşkil etmək üçün kifayətdir.
Sızma yeni olmaya da bilər, sadəcə olaraq indi aşkarlanıb. Məlumat bazası kiminsə yerləşdirdiyi və şifrəsiz qaldığı üçün aşkar olunub. Sosial mühəndislik kampaniyalarının artması gözlənilir, buna görə də insanlar şübhəli mesajlara və təkliflərə xüsusilə diqqətli olmalıdırlar.
Ənənəvi kibercinayətlər üçün bazaya daxil olan məlumatlardan əlavə, bu qədər qeydlərdən düşmən mövqedə olan bir ölkənin və ya siyasi aktyorların təbliğat, dezinformasiya kampaniyaları təşkil etməsi üçün effektiv şəkildə istifadə oluna bilər".
Xatırladaq ki, 25 yanvar tarixində "Cybernews" nəşrinin yaydığı məlumata görə, Almaniyada fəaliyyət göstərən bulud xidmət təminatçısı (Cloud Service Provider) təsadüfən Gürcüstanın demək olar ki, bütün əhalisinin şəxsi məlumatlarını əlçatan edib.