28.01.2025 01:00
499
Din
A
"Məbəs" Bayramı: İlahidən gələn ilk çağırış

"Məbəs" günü Həzrəti Məhəmmədin 'sallallahu əleyhi və səlləm' (Allahın ona salavat və salamı olsun) Peyğəmbərliyə seçildiyi gündür.

Aktual.ge məlumat verir ki, bu gecə Məhəmməd (s) Allahın rəsulu seçildiyi gündür. Rəcəb ayının 27-i (28 Fevral) Besət (Məbəs) günüdür. Həzrət Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması - İslam tarixinin ən mühüm hadisələrindən biridir.

Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Rəsuli-Əkrəmin (s) besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.

Həzrəti Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər.

Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Məhəmməd Peyğəmbərin (s) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Hətta İncildə göndəriləcək Peyğəmbərin (s) xüsusiyytələrinə və onun tərəfdarlarına da işarə olunmuşdu.

Buna görə də Quranın da zikr etdiyi kimi, əhli-kitab alimləri Peyğəmbəri (s) öz ən yaxın adamları kimi tanıyırdılar. Tarixdə Peyğəmbərin (s) besətinin intizarında olan çoxlu şəxslər var idi.

Beləliklə, Məbəs, İslam tarixində Peyğəmbər Məhəmmədin (s.ə.s) peyğəmbərliyə seçildiyi gün kimi qeyd olunur. Bu hadisə 610-cu ildə Məkkə yaxınlığındakı Hira mağarasında (Səudiyyə Ərəbistanının Məkkə şəhəri yaxınlığında yerləşir) baş vermişdir. Cəbrayıl əleyhissalam ona ilk vəhyi çatdıraraq, "Oxu!" (Ələq surəsi, 1-ci ayə) ayəsini nazil etmişdir. Məhəmməd Peyğəmbər bu gündən etibarən insanları tövhidə və ədalətə çağırmağa başlamış və İslam dininin əsaslarını bəşəriyyətə çatdırmışdır.

Məbəs bayramınızı təbrik edirik!

ŞƏRH YAZ
0