Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb
29.01.2025 23:58
406
Dünya
A
Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb

“Gürcü Arzusu” komandasının birgə qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, “Gürcü Arzusu” partiyasının aparıcı simalarından biri Tea Tsulukiani deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, lakin müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub.

“Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və 'Gürcü Arzusu' komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Parlament Assambleyasında işi dayandırırıq” , - Tea Tsulukiani deyib.

O həmçinin deyib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və xalqa qarşı şantaj dayandırıldıqdan sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək. Əlavə edib ki, nümayəndə heyətinin etimadnaməsi ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və “Gürcü Arzusu” ictimaiyyətinə xəyanət etməyə bərabər olardı:

“Gürcüstan təbii ki, bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır. Ancaq bizim parlament nümayəndə heyətimizin üzvləri Parlament Assambleyasında iştirakını yalnız o zaman bərpa edəcəklər ki, gürcü dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişəcək, şantajlara son qoyulacaq, rəsmi və qeyri-rəsmi bütün qərar qəbul edənlər, onların arxasında duran qüvvələr yaxşı anlayacaqlar ki, bu cür təzyiqlər Gürcüstanı və onun əhalisinin seçdiyi hökuməti heç bir anti-gürcü addım atmağa məcbur etməyəcək”

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, “xarici agentlər” haqqında qanunun ləğvi tələb olunub. Tələblər yerinə yetirilənədək AŞPA-da Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.

ŞƏRH YAZ
19