
Qazaxıstanda fəaliyyət göstərən gürcü iş adamı Mixeil Lomtadzenin "Fintech" holdinqi Kaspi.kz Türkiyənin ən məşhur elektron ticarət platformalarından biri olan Hepsiburada-nın satın alınmasını tamamlayıb.
Aktual.ge xəbər verir ki, şirkət bu barədə məlumatı AIX veb saytında yayıb.
Məlumata görə, Kaspi.kz D-Market Electronic Services & Trading şirkətinin, yəni Hepsiburada-nın A sinifindən 40.000.000 və B sinifindən 173.246.220 səhm alıb. Bu əməliyyat 2024-cü il oktyabrın 17-də imzalanmış müqaviləyə əsaslanır. Şirkətin verdiyi məlumata görə, müqavilə Kaspi.kz ilə satıcı tərəf – Hepsiburada-nın qurucusu və əsas səhmdarı Hanzade Doğan, eləcə də Vuslat Doğan Sabancı, Bəgüm Doğan Faralyalı, Arzuhan Doğan Yalçındağ və İzil Doğan arasında bağlanıb.
Kaspi.kz, 2024-cü ilin oktyabr ayında Hepsiburada-nın 65,41%-lik payını 1,13 milyard dollara almaq niyyətində olduğunu açıqlamışdı. Şirkət həmin vaxt Türkiyə tənzimləyici qurumlarının təsdiqi halında sövdələşmənin 2025-ci ilin birinci rübünün sonuna qədər tamamlanacağını gözlədiyini bildirmişdi.
Müqavilə şərtlərinə görə, ödəniş iki tranşla həyata keçiriləcək:
• - 600 milyon dollar müqavilənin bağlanması ilə dərhal ödəniləcək,
• - 526,9 milyon dollar isə növbəti altı ay ərzində ödənəcək.
Eyni zamanda, tranzaksiya başa çatdıqdan sonra hər iki şirkətin brendləri və fəaliyyət strukturları qorunub saxlanacaq.
Türkiyənin rəqabət tənzimləyici qurumu Kaspi.kz-in Hepsiburada-nı satın almasını 2024-cü ilin noyabr ayının ortalarında təsdiqləyib. Kaspi.kz-in həmtəsisçisi və baş icraçı direktoru Mixeil Lomtadze, Hepsiburada-nın satın alınmasının Kaspi.kz-in hədəf bazarını 100 milyon insana qədər genişləndirəcəyini bildirib.
Mixeil Lomtadze və Hepsiburada haqqında qısa məlumat:
• - Mixeil Lomtadze, "Forbes"in milyarderlər siyahısında 5,8 milyard dollar sərvətlə 571-ci yerdə qərarlaşıb.
• - Hepsiburada, 2000-ci ildə Hanzade Doğan tərəfindən təsis edilib.
• - Şirkət müştəri xidməti, texnologiya, logistika və müxtəlif məhsul kateqoriyalarında fəaliyyət göstərir.
• - 2023-cü ildə platformadan təxminən 12 milyon müştəri və 101 min tərəfdaş mağaza istifadə edib.
• - Həmin il platforma üzərindən ümumilikdə 4 milyard dollar dəyərində mal satılıb.
• - Şirkətdə 10 min nəfər çalışır.
• - 2021-ci ildə Hepsiburada, NASDAQ birjasında səhmlərini yerləşdirən ilk və yeganə Türkiyə şirkəti olub.