
"Tbilisidə dinc etirazçılara, jurnalistlərə və siyasətçilərə qarşı amansız hücum qəbuledilməzdir".
Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas platforma "X" səhifəsində yazıb.
“Gürcüstan namizəd ölkə kimi heç bir gözləntini doğrultmur. Avropa İttifaqı azadlıq və demokratiya uğrunda mübarizədə gürcü xalqının yanındadır”, – deyə o, qeyd edib.
Məlumat üçün bildirək ki, 2 fevral tarixində Tbilisidəki “Tbilisi Mall” ticarət mərkəzi önünə "Sonadək" şüarı ilə toplaşan etirazçılar paytaxtdan şimala gedən magistral yolu dəfələrlə bağlamağa çalışsalar da, polis qüvvələri buna icazə verməyib. Etirazçılar qismən magistral yolun yalnız bir hissəsini bloklaya bilib. Hadisə yerində etirazçılarla polis qüvvələri arasında vaxtaşırı dava olub. Nəticədə 23 nəfər aksiyaçı saxlanılıb. Daxili İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, Tbilisi girişi yolunun beynəlxalq əhəmiyyətli strateji yol olduğunu və onun bağlanmasının cinayət məsuliyyəti daşıdığını bəyan edib.