
Marneuli Bələdiyyə Məclisinin sədr müavini vəzifəsindən müvəqqəti uzaqlaşdırılan Rövşən İskəndərovun postu uğrunda mübarizə gedir.
Aktual.ge-nin verdiyi xəbərə görə, Marneuli Bələdiyyə Məclisinin iki majoritar üzvü – Ömər İrişov və Adil Qurbanov bu vəzifəyə yiyələnmək istəyirlər.
Etibarlı mənbənin bildirdiyinə görə, Ömər İrişovu Marneuli meri Kənan Ömərov, Adil Qurbanovu isə sözügedən vəzifəyə Parlamentin üzvü Zaur Darğallı dəstəkləyir. Hər iki tərəf Rövşən İskəndərovun müvəqqəti uzaqlaşdırıldığı Marneuli Bələdiyyə Məclisinin üçüncü müavini postuna öz adamını yerləşdirmək istəyir.
Eyni zamanda, mənbə qeyd edir ki, vəziyyət hələ tam aydın deyil, çünki Rövşən İskəndərovun azadlığa buraxılma ehtimalı da var.
2024-cü il 26 oktyabr tarixində keçirilən parlament seçkiləri günü Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərovun Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna çox sayda bülleten atmasını əks etdirən video görüntülər sosial şəbəkələrdə yayılıb. Bu görüntülər Gürcüstanda geniş müzakirələrə səbəb olub.
Hadisədən sonra Mərkəzi Seçki Komissiyası məntəqənin fəaliyyətini dayandırıb və oradakı səslərin ləğv edildiyini elan edib.
27 oktyabrda Facebook hesabında açıqlama verən Rövşən İskəndərov baş verənlərə görə müxalifəti günahlandırıb:
"Fakt budur: Seçki məntəqəsində izdihamı və qarışıqlığı görəndə dərhal içəri keçib vəziyyəti öyrənməyə çalışdım. Məlum oldu ki, müxalifət nümayəndələri görünməmiş həyasızlıqla seçki qaydalarını pozublar. Hisslərimi saxlaya bilməyib əsəbiləşdim və bülletenləri onların əlindən alıb qutuya qoydum."
Qeyd edək ki, Rövşən İskəndərovun növbəti məhkəmə prosesi 6 fevral tarixində Bolnisi Rayon Məhkəməsində keçiriləcək.