
"İnqilab cəhdləri davam edir, buna görə də 'şəffaflıq haqqında qanun'la bağlı format yaratmaq mümkün deyil".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Baş nazir İrakli Kobaxidze "Xarici təsirin şəffaflığı haqqında" qanuna düzəlişlər etmək üçün birgə işçi qrupunun yaradılmasından imtina edilməsinin səbəbini izah edib.
Onun sözlərinə görə, inqilab cəhdləri davam edir və hər gün 400 nəfər Rustaveli prospektində toplaşaraq yolu bağlayır.
"Bu, onu göstərir ki, qarşılıqlı addım atılmayıb. Eyni zamanda, sanksiyalar tətbiq edilməyə davam edir. Təbii ki, bütün bunlar 'şəffaflıq haqqında qanunun' ətrafında bir format yaratmaq üçün məkanı açıq saxlamır" , - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
İrakli Kobaxidze əlavə edib ki, bu məsələ ilə bağlı hökumətin mövqeyi Avropa Şurasının baş katibi Alen Berseyə çatdırılıb.
"Siz xatırlayırsınız ki, cənab Berse Gürcüstana səfər etdi və bunun ardınca radikal müxalifətin çox sərt, hətta təhqiramiz reaksiyaları oldu – budur kontekst. Biz 'şəffaflıq haqqında qanunun' təkmilləşdirilməsi üçün işçi formatın yaradılacağını müzakirə etmişdik, lakin hadisələrin gedişatı bu formatın ilkin əhəmiyyətini itirməsinə səbəb oldu. Biz konkret addım atdıq, lakin müəyyən subyektlər – 'Dərin dövlət' və digər müvafiq strukturlar tərəfindən qarşılıq görmədik. Əksinə, əks tendensiya müşahidə etdik – inqilab cəhdləri davam etdi. Siz hər gün 400 nəfərin Rustaveli prospektində dayandığını və yolu bağladığını görürsünüz – yəni qarşılıqlı addım yoxdur. Sanksiyalar tətbiq edilməyə davam edir. AŞPA-da (Avropa Şurası Parlament Assambleyası) hansı qərarın qəbul edildiyini bilirsiniz – bizə yalnız məhdud status verildi. Bütün bunlar 'şəffaflıq haqqında qanunun' ətrafında format yaratmaq üçün məkanı məhdudlaşdırır.
Bütün bunlar fonunda 'şəffaflıq qanununun' yumşaldılması mümkün deyil. Onsuz da bu qanun çox sadədir – burada söhbət sadəcə illik maliyyə deklarasiyasından gedir. Xarici maliyyələşmə ilə fəaliyyət göstərən QHT-lər inqilab cəhdlərinin əsas alətinə çevriləndə 'şəffaflıq qanununun' yumşaldılmasından və ya bunun üçün ayrıca işçi formatın yaradılmasından danışmaq yersizdir. Biz bu mövqeyi cənab Berseye çatdırdıq. Biz bütün prinsiplərə və qaydalara riayət etdik. Cənab Berseye əvvəlcədən bildirdik ki, bu format artıq öz funksiyasını itirib" , - deyə İrakli Kobaxidze qeyd edib.
Xatırladaq ki, 7 fevral tarixində Avropa Şurasının yaydığı bəyanata görə, "AŞPA Baş katibi Gürcüstan hökumətinin 'xarici təsir haqqında' qanunun dəyişdirilməsindən imtina etməsi ilə bağlı narahatlığını ifadə edir".