10.02.2025 17:04
1519
Siyasət
A
"Ukraynada müharibə bitən kimi Gürcüstan və bu ölkəni Rusiya işğal edəcək" - Saakaşvili

"Ukraynada atəşkəs elan olunan kimi, Gürcüstanın tam hərbi işğalı və Gürcüstan vasitəsilə Ermənistanın işğalı baş verə bilər".

Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili onlayn qoşulduğu məhkəmə prosesində danışarkən deyib.

Onun sözlərinə görə, "oliqarxın siyasəti ucbatından biz Rusiyaya təqdim edilməyə hazır vəziyyətdə dayanmışıq."

"Bugünkü Gürcüstanın qarşısında dayanan acı həqiqəti sizə demək istəyirəm. Ukraynada atəşkəs elan oluna bilər, amma mən Rusiyanın reallığını çox yaxşı tanıyıram və Rusiya öz hərbi maşınını dayandıra bilməyəcək. O, hər hansı bir hərbi kampaniya aparmağa məcburdur, çünki bu kampaniyalar olmadan Rusiya dövləti dağılar. Ukraynada atəşkəsdən sonra Rusiya hara girə bilər? Yəqin ki, Baltikyanı ölkələrə yox, çünki orada NATO-nun qoruması var və prezident Tramp buna imkan verməz. Azərbaycan güclü ordusu və arxasında Türkiyənin dəstəyi olan bir dövlətdir. Qazaxıstan da deyil, çünki orada Çin faktoru çox mühüm rol oynayır və Çin buna icazə verməyəcək. Yalnız iki ölkə qalır – Gürcüstan və Ermənistan.

Ermənistan ona görə ki, Azərbaycan və Türkiyə ilə geosiyasi münasibətlərini nizamlaya bilməyib və olduqca müdafiəsiz vəziyyətdədir, siyasi oriyentasiyasını müəyyənləşdirmək üçün çox vaxt itirib. Gürcüstan isə tamamilə sahibsiz qalıb. Biz bütün mümkün tərəfdar və dostlarımızı özümüzdən uzaqlaşdırmışıq və onların dəstəyi olmadan qalmışıq. Ordumuz dağıdılıb, baxmayaraq ki, çoxlu sayda ləyaqətli hərbçimiz var. Mənim yaratdığım hərbi istehsalat ləğv edilib. Beləliklə, Ukraynada atəşkəs elan olunan kimi, Gürcüstanın tam hərbi işğalı və Gürcüstan vasitəsilə Ermənistanın işğalı təhlükəsi çox böyükdür.

Bu, bugünkü təhlükədir. Biz tamamilə müdafiəsizik. Oliqarxın (Bidzina İvanişvilini nəzərdə tutur - Red.) siyasəti bizi Rusiyaya təqdim edilməyə hazır vəziyyətə gətirib. Əgər vəziyyəti təcili dəyişməsək, əgər bu rejimi dərhal dəyişdirməsək, Gürcüstanın müstəqilliyi son aylarını yaşayır. Gürcüstanın azadlığına son qoyulub, artıq diktatura qurulub və dövlətçiliyimiz də yox olmaq üzrədir.

Mən bunu müasir Gürcüstan dövlətinin qurucusu və əsasını qoyan şəxs kimi deyirəm. Mənim bu çıxışımı müxalif televiziya kanallarının əksəriyyəti yayımlamayacaq və siyasətçilərin əksəriyyəti bunu görməməzliyə vuracaq. Amma bizim sosial şəbəkələrimiz var, biz bunu sosial şəbəkələrdə paylaşmalıyıq və xalqımızı xəbərdar etməliyik" , - deyə Mixail Saakaşvili qeyd edib.

ŞƏRH YAZ
4