
Bolnisi bələdiyyəsinin Kolagir (Çurtavi) kəndində yerli əhaliyə məscid tikilməsinə mümkün icazə verilməməsinə Marneuli imamcüməsi Hacı Hacıyev Cümə xütbəsində sərt reaksiya verərək bu qərarı tənqid edib.
Aktual.ge-nin verdiyi xəbərə görə, din xadimi xütbəsində Gürcüstanda müsəlmanların öz vəsaitləri ilə məscid tikməsinə maneələr yaradıldığını və süni bəhanələrlə qarşılaşdıqlarını vurğulayıb.
Hacı Hacıyev qeyd edib ki, Kolagir kəndində müsəlmanlar artıq 7-8 ildir ki, məscid tikə bilmirlər.
İmamcümə Hacı Hacıyevin çıxışını olduğu kimi təqdim edirik:
"Bu günə qədər məscid məsələsi hələ də öz həllini tapmayıb. Müxtəlif bəhanələr gətirilir, müxtəlif arqumentlər irəli sürülür... Müsəlmanlar öz kəndlərində şəxsi vəsaitləri hesabına məscid tikmək istəyirlər, lakin qarşılarına müxtəlif süni maneələr çıxarılır.
Məsələn, Kolagir kəndində möminlər artıq 7-8 ildir ki, məscid tikmək istəyirlər, amma hər dəfə hökumət seçki vaxtı söz verir, seçkidən sonra isə bu vədlər, digər yalan vədlər kimi, unudulur. Təəssüflər olsun ki, xalqımız da bu yalanlara inanır – bir dönərə, pula səs verir, amma nəticədə nə yol düzəlir, nə də başqa bir şey dəyişir. Bu vəziyyətdə xalqda günahkardır.
Bu, ümumi bir problemdir – hətta tikintiyə icazə verilsə belə, çox böyük çətinliklərlə başa gəlir və məscid kimi deyil, başqa adlar altında inşa edilir. Marneulidəki digər tikililərin hamısı qanunidirmi? Marneulidə binalar qanuni şəkildə tikilibmi? Mən bu savadımla bilirəm ki, dəmir yolunun yaxınlığında tikili olmamalıdır, amma gedib baxsanız, dəmir yolunun kənarında saysız-hesabsız obyektlərin olduğunu görərsiniz. Eləcə də yolların kənarında binalar necə gəldi tikilib. İnsanların yaşadığı məhəllələrdə belə binalar inşa olunur. Bəs bu, qanundurmu?
Rayonun mərkəzində nə qədər qanunsuz tikinti var, amma bunlara göz yumurlar. Lakin müsəlman kəndlərində insanlar öz hesablarına məscid tikmək istəyəndə dərhal 15 min - 20 min lari cərimə yazılır və 'burada tikinti aparmaq qanunsuzdur' deyilir. Üstəlik, bu qərarı yerinə yetirmək üçün qeyri-millət nümayəndələri göndərilir.
Nə üçün qanun yalnız Allah evinə gələndə tətbiq olunur? Bəs başqa vaxtlar? Rayonun infrastrukturu tikinti üçün bərbad vəziyyətdədir, nə qədər qanunsuz tikililər var, amma onlara toxunan yoxdur. Biz bu məsələni dəfələrlə qaldırmışıq, eləcə də digər üstadlar.
Bu problemin həll olunması üçün möminlər ayıq-sayıq olmalı, öz hüquqlarını bilməlidirlər. 8 ildir ki, insanlar məscid tikə bilmirlər – məsələ gah bir idarəyə, gah o birinə yönləndirilir, nəticədə heç bir konkret addım atılmır. Biz burada köklü xalqıq, tariximiz var, Gürcüstan vətəndaşlarıyıq. Nəyə görə haqlarımızdan məhrum olmalıyıq? Başqalarının hüquqları qorunduğu kimi, bizim də hüquqlarımız qorunmalıdır.
Gürcüstanda niyə başqa bir məbəd tikəndə problem yaradmırlar. Əlini qolunu sallayıb haradan gəldi kilsə tikə bilirlər, eyvallah, orada Allah evidi, inanclıların yeridi. Bizim Quran buyurur ki, hər kəsin inancına hörmətlə yanaş.
Sən hardan gəldi kilsə tikə bilirsən müsəlman kəndi, müsəlmanların kəndinin girəcəyi fərq eləmir, bir halda ki, kilsə gözəldir xristiyan yaşayan məntəqələrdə, məsciddə gözəldir müsəlmanlar yaşayan məntəqələrdə. Sən hardan gəldi kilsə tikə bilirsən və heç bir qanun tələb olunmur və ürəkləri necə də istəyir bərpa eləyirlər, bir müsəlman öz kəndində öz hesabına məscid tikə bilmir.
Bunlar problemlərdir və gərək qardaşlar bu məsələdə hamımız oyaq olaq və bir-birimiz dəstək verək. İnşAllah ümid edirik ki, aidiyyatı qurumlar bunun həllini tapalar, amma təəssüflər olsun ki, bu günə qədər tapmayıb və məscid olaraq tikilənlərdə ev adından, qocalar evi adından, başqa adlarla tikilib".