
Beynəlxalq "Bloomberg" ticarət platforması 500 milyarder siyahısında olan gürcü iş adamı Bidzina İvanişvilinin sərvəti yeni rekord həddə çatıb.
Aktual.ge xəbər verir ki, reytinqdə "Gürcü Arzusu"nun qurucusu və fəxri sədri, milyarder iş adamı Bidzina İvanişvili 399-cu yeri tutur.
Eyni reytinqə əsasən, hazırda Bidzina İvanişvilinin sərvəti 7 milyard 800 milyon ABŞ dolları təşkil edir ki, bu da rekord göstəricidir.
Qeyd edək ki, 2025-ci ilin yanvarından bəri onun sərvəti 300 milyon dollar, son bir il ərzində isə 1 milyard 500 milyon dollar artıb. Xüsusilə, ötən ilin 15 fevralında "Bloomberg"in məlumatına görə, Bidzina İvanişvilinin sərvəti 6 milyard 750 milyon dollar idi.
"Bloomberg" yazır ki, Bidzina İvanişvili sərvətini 1990-cı illərdə Rusiyada müxtəlif bizneslərlə qazanıb. O cümlədən, dəmir filizi istehsalçıları, polad zavodları, banklar və daşınmaz əmlak kolleksiyası qurmaqla. O, aktivlərinin böyük hissəsini 2003-2006-cı illərdə satıb, qalan hissəsini isə 2012-ci ilin oktyabrında Gürcüstanın Baş naziri seçilməzdən əvvəl satıb. O, vəzifəsindən 2013-cü ildə ayrılıb.
Qeyd edək ki, "Bloomberg" ticarət platformasının milyarderlər indeksi Bidzina İvanişvilinin sərvətini 2013-cü ildən etibarən qiymətləndirir. Eyni zamanda beynəlxalq "Forbes"in milyarderlər reytinqinə gəldikdə isə, burada İvanişvilinin sərvəti artıq bir neçə ildir dəyişməyib və hələ də 4 milyard 900 milyon dollar olaraq qalır.