Marneulidə
01.03.2025 15:52
1295
Siyasət
A
Marneulidə "Novella" filminin qala gecəsi baş tutub - FOTOLAR

Marneulidə yerləşən Mədəniyyət Evində “Aktual Media” tərəfindən ərsəyə gətirilmiş “Novella” bədii-sənədli filminin qala gecəsi baş tutub.

Aktual.ge xəbər verir ki, təqdimatda Marneuli meri Kənan Ömərov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Kamal Xəlilov və səfirlik əməkdaşları, "SOCAR Georgia"nın nümayəndələri, Marneuli Bələdiyyə Məclisinin üzvləri, Gürcüstan Universitetinin rektoru Konstantin Topuria, Türkiyə Maarif Məktəbləri Gürcüstan Marneuli şöbəsinin rəhbəri Murat Kordemir, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, iş adamları, jurnalistlər, həkimlər, müəllimlər, rəssamlar, idmançılar və gənclər iştirak ediblər.

Arzu Əliyevanın aparıcılığında tədbirin ev sahibi, “Aktual Media”nın təsisçisi və Aktual.ge xəbər portalının direktoru, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov çıxış edərək bildirib ki, uzun illərdir Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı reallığı əks etdirməyən məlumatlar yayılır və bu, onların imicinə mənfi təsir göstərir. O vurğulayıb ki, yeni nəsil azərbaycanlılar bu yanaşma ilə razılaşmır:

"Məhz bu səbəbdən ‘Aktual Media’ komandası gənclərimizin uğurlarını geniş ictimaiyyətə tanıtmaq məqsədilə bu filmi ərsəyə gətirdi. Əsas məqsəd stereotipləri dağıtmaq və azərbaycanlıların Gürcüstanda müxtəlif sahələrdə əldə etdikləri uğurları nümayiş etdirməkdir. Filmin ərsəyə gəlməsində dəstək göstərən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Gürcüstandaki səfirliyinə və iş adamlarına təşəkkürümüzü bildiririk".

O əlavə edib ki, film Gürcüstanda yaşayan azərbaycanlı gənclərin real həyat hekayələrindən bəhs edir və onların əzmkarlığı, uğurları, cəmiyyətə verdikləri töhfələr filmin əsas süjet xəttini təşkil edir. İlkin Hüseynov eyni zamanda “Novella 2” filminin də çəkiləcəyini açıqlayıb.

Marneuli meri Kənan Ömərov çıxışında istedadlı gənclərin tanıdılmasının və belə bir nüfuzlu layihədə yer almalarının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Kamal Xəlilov isə “Aktual Media” komandasına təşəkkür edərək bildirib: “Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xoşagəlməz stereotiplərin formalaşmasının qarşısını almaq üçün bu kimi layihələrin həyata keçirilməsi vacibdir".

Filmin ssenari müəllifi və montaj rejissoru Elnur Vəlizadə də çıxış edərək filmin detalları haqqında məlumat verib.

Daha sonra filmdə iştirak edən qəhrəmanlar mükafatlandırılıb. Həmçinin, “Novella” filminə dəstək göstərən iş adamları Anar Piriyev, Yalçın Qərəkməzli, Anar Məmişov və Ceyhun Çovdarov “Aktual Media” tərəfindən təltifnamələrlə mükafatlandırılıblar.

Filmdə ilk olaraq böyük uğurlar qazanmış 6 gənc qəhrəmanın - Hüquqşünas, vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu, beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs olunur.

Film Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin müsahibəsi ilə başlayır. O, öz çıxışında azərbaycanlıların Gürcüstanın sosial-iqtisadi inkişafında iştirakını yüksək qiymətləndirib:

“Azərbaycanlı gənclərin gürcü dilini öyrənməsi nəticəsində onlar Gürcüstan cəmiyyətində müxtəlif sahələrdə özlərinə iş tapa bilirlər. Artıq ikili təhsil proqramı başlayıb və bu, gələcəkdə daha yaxşı nəticələr verəcək. Azərbaycanlılar təkcə kənd təsərrüfatında deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və texnologiya kimi sahələrdə də fəal iştirak edirlər. Bu, onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir və müxtəlif sahələrdə uğurlu layihələrin reallaşmasına töhfə verir”.

Daha sonra sıralaması ilə - Kardioloq Linda Mustafayeva, stomatoloq Mamed Muradov, vəkil Edda Qocayeva, rəssam Emilya Hüseynova, pianist/müğənni Şaban Məmmədov və müəllim Samirə İsmayılovanın həyat hekayəsini və uğurlarını əks etdirən müsahibələri ilə yekunlaşıb. 

Foto: Orxan Qurbanov / Telman Süleymanov

ŞƏRH YAZ
8