
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Gürcüstanda hava şəraitinin kəskin pisləşməsi gözlənilmir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin qısamüddətli proqnozlar şöbəsinin rəhbəri Dodo Qvazava İPN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, martın 4-ü günün ikinci yarısından etibarən hava açılacaq və paytaxtda havanın temperaturu +13...+15 dərəcəyə yüksələ bilər.
"Bu gün və sabah Gürcüstanın əksər bölgələrində yağıntılar müşahidə olunacaq. Martın 4-də günün birinci yarısında Qərbi Gürcüstanın əksər bölgələrində yağıntılar gözlənilir, dağlıq və yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə qərb istiqamətli külək güclənəcək.
Havanın temperaturuna gəlincə, sabah ovalıq bölgələrdə +2...+7 dərəcə isti, dağlıq bölgələrdə mənfi 5, yüksək dağlıq ərazilərdə isə mənfi 5 dərəcə gözlənilir. Martın 4-də günün ikinci yarısından etibarən hava açılacaq və bir-iki gün ərzində yağıntı gözlənilmir. Gecələr şaxtanın bir qədər artacağı, ovalıq bölgələrdə mənfi 3...mənfi 5 dərəcə arasında olacağı proqnozlaşdırılır.
Martın 5, 6 və 7-də Qərbi Gürcüstanın ovalıq və sahilyanı bölgələrində şaxtanın mənfi 3...mənfi 5 dərəcə olacağı, dağlıq bölgələrdə mənfi 5...mənfi 10, yüksək dağlıq ərazilərdə isə mənfi 12 dərəcəyə qədər enəcəyi gözlənilir. Martın 7-də Gürcüstanın bəzi bölgələrində yağıntılar ola bilər, lakin temperaturun enməsi gözlənilmir. Martın 9-dək Qərbi Gürcüstanda əhəmiyyətli yağıntı gözlənilmir.
Ovalıq və sahilyanı bölgələrdə martın 7-dən 9-na qədər gecələr şaxta bir qədər azalacaq. Martın 8 və 9-da gündüz saatlarında havanın maksimal temperaturu +10...+15 dərəcəyə çata bilər. Bu müddətdə dağlıq və yüksək dağlıq ərazilərdə də temperatur artacaq.
Paytaxta gəlincə, bu gün günün ikinci yarısında yağış, axşam isə sulu qar müşahidə oluna bilər. Sabah günün ikinci yarısından etibarən əsasən yağışsız hava gözlənilir. Martın 4-də qərb istiqamətli külək əsəcək. Martın 5-də gecə saatlarında şaxtanın mənfi 1...mənfi 3 dərəcə arasında olacağı, gündüz isə havanın isinəcəyi gözlənilir. Martın 5-dən 9-dək paytaxtda temperaturun +7...+13 dərəcə arasında dəyişəcəyi, həftəsonu isə +15 dərəcəyə qədər yüksələcəyi ehtimal edilir", - deyə Dodo Qvazava bildirib.