
"Bizdə insanlar həddindən artıq lazımsız dərman qəbul edirlər - bunun heç bir əsaslandırması yoxdur, bu, cinayətdir".
Aktual.ge xəbər verir ki, bu barədə infeksionist Maya Butşvaşvili özünün "Facebook" şəxsi səhifəsində yazıb.
"Bir neçə dəfə yazmışam ki, bizdə insanlar həddindən artıq lazımsız dərman qəbul edirlər. Bunun bir çox səbəbi var və onlardan biri də odur ki, aptekə daxil olan şəxs, məsələn, antibiotik alırsa, eczacı dərhal ona 'mədə qoruyucu' və probiotik də təklif edir. Üstəlik, tövsiyə edir ki, 'antibiotiklə birlikdə bu vacibdir'. Bunun heç bir elmi əsası yoxdur və mənim fikrimcə cinayətdir" , - deyə o qeyd edib.
Qeyd edək ki, həkimlər tərəfindən xəstəyə lazım olduğundan artıq dərman yazılması problemi artıq illərdir Gürcüstanda müzakirə olunur. Bu hadisəyə, yəni xəstəyə eyni anda əsassız şəkildə çoxlu dərman təyin olunmasına polipraqmaziya deyilir və bu problemin həlli üçün bir çox səhiyyə naziri müxtəlif tədbirlər görməyə çalışıb. Sonuncu dəfə bu məsələ ilə bağlı əlavə tənzimləmələrin hazırlanması ötən il aktiv müzakirə olunurdu. O vaxtkı səhiyyə naziri Zurab Azaraşvili bildirirdi ki, ölkədə "Sunshine Act" adlı sistemin tətbiqi üzərində iş aparılır. Bu sistemə əsasən, əczaçılıq şirkətlərinin klinikalarda marketinq fəaliyyətləri məhdudlaşdırılacaq və həmin şirkətlərin həkimlərə ödədiyi hər bir məbləğ müvafiq ictimai sistemdə bəyan ediləcək.