
Narkotik vasitənin, onun analoqunun və ya prekursorunun az miqdarda qanunsuz istehsalı, alınması, saxlanması, daşınması, göndərilməsi, həkim təyinatı olmadan istifadəsi və ya təsirin müəyyən edilməsi üçün yoxlamadan yayınma 500-dən 2 000 lariyə qədər cərimə və ya 60 günədək inzibati həbs ilə cəzalandırılacaq.
Aktual.ge xəbər verir ki, bu, "İnzibati Xətalar Məcəlləsinə" edilən dəyişikliklər nəticəsində sərtləşdirilən yeni qanunvericilik dəyişikliyidir.
Həmçinin, bu inzibati xətaların törədilməsi silahlarla bağlı hüquqların məhdudlaşdırılmasına və vətəndaşa verilmiş nəqliyyat vasitəsi idarəetmə hüququnun 3 il müddətinə dayandırılmasına səbəb olacaq.
Bundan əlavə, "İnzibati Xətalar Məcəlləsi" narkotik vasitənin, onun analoqunun və ya prekursorunun az miqdarda istifadəsinin yoxlanılması qaydasını müəyyən edir. Həmçinin, nəqliyyat vasitəsi idarəetmə hüququnun vaxtından əvvəl bərpası və ya imtahan verib bu hüququ yenidən qazanma şərtləri də təsbit olunur.
Layihəyə əsasən, əgər şəxsin xarici görünüşü və ya davranışı onun narkotik vasitənin təsiri altında olması ehtimalını doğurursa, polis əməkdaşı həmin şəxsi Daxili İşlər Nazirliyinin Ekspertiza-Kriminalistika Departamentinə kliniki və laborator müayinədən keçmək üçün aparmaq və ya rəsmi çağırış əsasında həmin müayinənin nəticələrini ən geci 24 saat ərzində təqdim etməsini tələb etmək hüququna malik olacaq. Müvafiq nümunə çağırış verildikdən sonra ən geci 8 saat ərzində götürülməlidir.
Daxili İşlər Nazirliyinin Ekspertiza-Kriminalistika Departamentinə aparılmaqdan, laborator və ya kliniki müayinədən keçməkdən imtina etmək, rəsmi çağırış əsasında təqdim edilməli olan nəticələri verməmək və ya qaydalara uyğun təqdim etməmək narkotik vasitənin təsirinin müəyyən edilməsi üçün yoxlamadan yayınma hesab ediləcək.
Qanun layihəsinə əsasən, əgər Daxili İşlər Nazirliyinin Ekspertiza-Kriminalistika Departamentində aparılan kliniki və laborator müayinə narkotik vasitənin təsiri altında olmanı təsdiq edərsə, şəxs müvafiq tibbi və ya ekspertiza müəssisəsində əlavə kliniki müayinə aparmaq hüququna malik olacaq. Bu müayinə nümunə götürüldükdən sonra ən geci 8 saat ərzində aparılmalı və nəticələri 24 saat ərzində təqdim edilməlidir.