
"Biz hər cür hadisələrin inkişafına hazır olmalıyıq, son üç ildə elə çətin proseslərdən keçdik ki, düşünürəm, bundan sonra heç kim bizə qalib gələ bilməz".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi"nin efirində söyləyib.
Onun sözlərinə görə, Avropada "dərin dövlət"in möhkəmlənməsi daha asan olub, xüsusilə də Baltikyanı ölkələrdə, və bu da onların Gürcüstana münasibətdə qeyri-ciddi qərarlar verməsinə səbəb olub.
"ABŞ və Avropa ölkələrini fərqləndirsək, ABŞ-da vəziyyətin keyfiyyətcə dəyişməsi üçün daha yaxşı perspektivlər ola bilər, amma hadisələrin inkişafını gözləməliyik. Avropa İttifaqına gəldikdə isə, burada vəziyyət daha mürəkkəbdir, çünki 27 ölkə var. Elə ölkələr var ki, onlara 'dərin dövlət'in təsiri əhəmiyyətli dərəcədə yayılmayıb. Aİ-də belə iki ölkə var. Digər tərəfdən, Baltikyanı və Skandinaviya ölkələri 'qlobal müharibə partiyası'nın tam təsiri altındadır. Digər ölkələrdə 'dərin dövlət'in təsiri az-çox güclüdür, lakin Baltikyanı ölkələr bütün qırmızı xətləri keçib və məhz buna görə onların Gürcüstana münasibətdə verdiyi qərarlar tamamilə qeyri-ciddidir.
Avropada 'dərin dövlət'in möhkəmlənməsi, öz agentura şəbəkəsini yaratması, o cümlədən ali hakimiyyət səviyyəsində, daha asan olub. Gözləyək, proseslər necə inkişaf edəcək. Biz hər cür hadisələrin inkişafına hazır olmalıyıq. Son üç ildə elə çətin proseslərdən keçdik ki, düşünürəm, bundan sonra heç kim bizə qalib gələ bilməz. Xüsusilə müharibənin başlanmasından sonra ilk həftələr, ilk aylar son dərəcə çətin idi" , - deyə İrakli Kobaxidze qeyd edib.