
Tbilisi meri Kaxa Kaladze, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərinin böyük məbləğdə israf edilməsi ilə bağlı məhkəmə qərarına münasibət bildirib.
Aktual.ge xəbər verir ki, Kaladze, dövlət vəzifəsi tutan şəxslərin xalqın pulunu şəxsi məqsədləri üçün xərcləməsinin qəbuledilməz olduğunu vurğulayıb.
O, belə halların yalnız şəxsi gəlirlər və yığımlar hesabına həyata keçirilməsi lazım olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, büdcə pulları ilə şəxsi faydalar əldə etmək, xüsusən də övladlarının təhsil haqqını ödəmək və ya dostlara, sevgililərə hədiyyələr almaq, yolverilməzdir. Onun sözlərinə görə, bu cür şeylər öz şəxsi gəlirlərindən və xərclərindən edilməlidir, büdcə pulu ilə deyil.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi böyük məbləğdə büdcə vəsaitlərinin israf edilməsi işi üzrə Mixail Saakaşvilini 9 il azadlıqdan məhrum edib. Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Teimuraz Janaşiya isə 300 min lari məbləğində cərimə olunub.