
Bu gün, (18 mart) tarixində Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndinin 1 saylı İctimai Məktəbində təntənəli Novruz Bayramı tədbiri keçirilib.
Aktual.ge xəbər verir ki, məktəbin həyətində təşkil olunan bayram tədbirini giriş nitqi ilə təhsil ocağının direktoru Əjdər Məmişov açıb. O, tədbir iştirakçılarını və şagirdləri Novruz Bayramı münasibətilə təbrik edərək, hər kəsə bol ruzi-bərəkət, şagirdlərə isə baharın gəlişi ilə birlikdə zehin açıqlığı arzulayıb. Eyni zamanda, hər bir şagirdə ali məktəbə qəbul olmaq ümidini ifadə edib.
Tədbirdə kəndin ziyalıları, eləcə də məktəbin əməkdaşlıq etdiyi "Modus" Kollecinin nümayəndələri çıxış edərək, yerli sakinləri bayram münasibətilə təbrik ediblər. Kollec nümayəndələri məktəbin fəal şagirdlərini sertifikatlarla təltif ediblər.
Bayram tədbiri şagirdlərin milli geyimlərdə təqdim etdiyi musiqi və rəqs nömrələri ilə davam edib. Novruzun simvolik personajları - Keçəl və Kosa səhnəcikləri isə tədbirə xüsusi rəng qatıb. Səməni, papaqatdı və bayram süfrəsi də təşkil olunub, bahar qızının səhnəyə çıxışı isə şənliyə xüsusi gözəllik və rəngarənglik bəxş edib.
Tədbirin sonunda şagirdlər yallı gedərək birlik və həmrəylik nümayiş etdiriblər. Bayramın sədaları kəndin hər tərəfinə yayılaraq xoş ovqat yaradıb.