
Ramazan ayının 22-dən 23-nə (Martın 23-dən 24-nə) keçən gecə ehtimal olunan üçüncü Qədr gecəsi Gürcüstanda yaşayan müsəlmanlar tərəfindən reallaşdırılıb.
Aktual.ge xəbər verir ki, Gürcüstanın bir sıra bələdiyyələri ilə yanaşı, Marneuli şəhərinin Mərkəzi Hz. İmam Əli (ə) Məscidində də inanclıların iştirakı ilə müqəddəs Ramazan ayının üçüncü ehtimal edilən Qədr gecəsi mərasimi təşkil olunub.
Qurani-Kərimin tilavəti ilə başlayan mərasimdə imam cümələrdən biri, Hacı Hacıyev, Qədr gecəsinin əhəmiyyətindən danışaraq onun fəzilətlərini vurğulayıb və bu gecələrin Allahdan bağışlanma diləmək üçün ən yaxşı fürsət olduğunu qeyd edib.
Cövşən-Kəbir duasının oxunduğu bu mühüm gecədə inanclılar Əhya gecəsinə məxsus ritualları yerinə yetiriblər. Onlar Qurani-Kərimi başlarına qoyaraq Uca Allahın, Həzrəti Məhəmməd Peyğəmbərin (s), onun əziz qızı Xanım Fatiməyi-Zəhranın (s.ə) və 12 İmamın adını zikr ediblər. Eyni zamanda, Allahdan günahlarının bağışlanmasını, ölkədə və dünyada sülh və əmin-amanlıq olmasını diləyiblər.
Mərasimin sonunda Məscidin həyətində imsak süfrəsi açılıb.
Qeyd edək ki, Qədr gecəsinin dəqiq hansı tarixə təsadüf etdiyi bilinmir. Lakin etibarlı İslam mənbələrinə əsasən, Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biri hesab edilir. Xalq arasında bu gecələr "Əhya gecələri" adlanır. Qədr gecəsində səhərə qədər oyaq qalmaq, ibadətlə məşğul olmaq və xüsusi ritualları yerinə yetirmək böyük savab sayılır.