
Rustavi Şəhər Məhkəməsi prokurorluq tərəfindən təqdim olunmuş sübutları tam şəkildə qəbul edib və qəsdən adamöldürmə faktı üzrə təqsirləndirilən şəxsi günahkar hesab edib.
Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğ məlumat yayıb.
Bildirilib ki, məhkəmə prosesində təqdim olunan sübutlarla müəyyən olunub ki, 2024-cü il noyabrın 18-də, Marneulidə, təqsirləndirilən şəxs intiqam motivi ilə zərərçəkmişə iti alətlə həyatı üçün təhlükəli, ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılmadan əvvəl dünyasını dəyişib.
Qurumun yaydığı məlumatda qeyd olunub ki, hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 2024-cü il noyabrın 19-da saxlayıblar.
"Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adamöldürmə) ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. Rustavi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülmüş ittiham üzrə tam şəkildə günahkar hesab edib və ona 12 il azadlıqdan məhrumetmə cəzası təyin edib" , - məlumatda deyilir
Xatırladaq ki, ötən ilin 18 noyabr tarixində, saat 18:30 radələrində Marneuli şəhərinin Səməd Vurğun küçəsində qətl hadisəsi baş verib. Hadisə nəticəsində 35 yaşlı kişi intiqam motivi ilə gənc bir oğlan tərəfindən bıçaqlanaraq qətlə yetirilib.