Bidzina İvanişvilinin sərvəti son bir ildə minimuma enib – Son 45 gündə itirdiyi baş döndürür
10.04.2025 00:29
1364
İqtisadiyyat
A
Bidzina İvanişvilinin sərvəti son bir ildə minimuma enib – Son 45 gündə itirdiyi baş döndürür

"Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvilinin sərvəti son bir ilin minimum səviyyəsinə qayıdıb.

Aktual.ge xəbər verir ki, bu barədə beynəlxalq "Bloomberg" biznes nəşrinin 9 aprel tarixli məlumatında bildirilir.

Son göstəricilərə əsasən, "Bloomberg" İvanişvilinin sərvətini 6 milyard 700 milyon dollar olaraq dəyərləndirir. Onun sərvəti bu səviyyəyə sonuncu dəfə 2024-cü ilin fevralında düşmüşdü.

Qeyd edək ki, 2025-ci il fevralın 19-da İvanişvilinin sərvəti tarixi maksimuma çataraq 7 milyard 830 milyon dollar olub. Bu, o deməkdir ki, təxminən bir ay yarım ərzində o, 1 milyard 130 milyon dollar itirib.

Nəşrin məlumatına görə, Bidzina İvanişvili sərvətini 1990-cı illərdə Rusiyada müxtəlif sahələrdə — dəmir filizi hasilatı, polad istehsalı, bank sektoru və daşınmaz əmlak portfeli formalaşdırmaqla — qazanıb. O, aktivlərinin böyük hissəsini 2003–2006-cı illərdə satıb, qalanını isə 2012-ci ilin oktyabrında Gürcüstanın Baş naziri seçilməzdən əvvəl realizə edib. İvanişvili bu vəzifədən 2013-cü ildə istefa verib.

Qeyd edək ki, "Bloomberg" milyarderlər indeksində onun sərvətini 2013-cü ildən etibarən izləyir. "Forbes" jurnalının reytinqinə görə isə İvanişvilinin sərvəti bir neçə il ərzində dəyişməz olaraq 4 milyard 900 milyon dollar səviyyəsində göstərilib. Lakin 2025-ci ilə dair son yeniləməyə əsasən, "Forbes" onun sərvətini 2 milyard 700 milyon dollar olaraq qiymətləndirir.

ŞƏRH YAZ
1