
“Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası ilə bağlı iş prosesi davam edir”.
Aktual.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Dəmir Yollarından məlumat verilib.
Belə ki, Azərbaycan mediasında yayılan xəbərlərdə bildirilir ki, Azərbaycan Dəmir Yollarına məxsus sərnişin qatarı Tbilisinin mərkəzi dəmiryolu stansiyasına daxil olub.
Xatırladaq ki, dünən Azərbaycan mediasında Tbilisinin mərkəzi dəmiryolu stansiyasında “Azərbaycan Dəmir Yolları”na məxsus sürətli qatarın görüntüləri yayılmışdı. Tbilisidə görünən qatarla bağlı “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev yerli mediaya bildirib: “Yayılmış görüntülərdəki qatar sərnişin qatarı deyil və o, dəmir yolu hərəkətinin təhlükəsizliyini təmin etmək üçün mütəmadi olaraq yol diaqnostikası aparır".
Bundan əvvəl, fevralın ortalarında Azərbaycan mediası bir neçə mənbəyə istinadən yazmışdı ki, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin qatarlarının hərəkəti may ayında bərpa oluna bilər.
Gürcüstan Dəmir Yollarından bildirilib ki, hal-hazırda Bakı ilə Tbilisi arasında sərnişin daşımalarının bərpa ediləcəyi dəqiq tarix hələ müəyyən edilməyib.
“Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası ilə bağlı iş prosesi davam edir. Bu proses dəmir yolu idarələri arasında və məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları ilə danışıqları və texniki detalları dəqiqləşdirməyi əhatə edir. Tərəflər intensiv şəkildə işləyirlər və daşımaların bərpası ilə bağlı dəqiq tarix daha sonra açıqlanacaq” , - deyə Gürcüstan Dəmir Yollarından BPN-ə bildirilib.
Xatırladaq ki, bundan əvvəl Aktual.ge xəbər portalına Gürcüstan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Bakı-Tbilisi-Bakı sərnişin qatarının 1 may tarixində fəaliyyətə başlayacağı planlaşdırılır.