10.04.2025 20:43
2396
Maraqlı
A
"Marneulidə Alqet çayının su səviyyəsi yoxlanılır" - Hazırda Marneulidə nə baş verir?

"Söhbətin nədən getdiyini bilmirəm, elə bir şey də eşitməmişəm".

Marneuli bazarını su basacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirən Marneuli Mərkəzi Bazarının direktoru Saba Naveriani Aktual.ge xəbər portalının sorğusuna cavabında belə deyib.

O, əlavə məlumatının olmadığını söyləyib.

Buna baxmayaraq, Marneuli bazarından bir neçə satıcı və mağaza sahibi Aktual.ge-yə bildirib ki, Tetritskaro rayonunun Partsxisi kəndində yerləşən su anbarının daşma ehtimalı ilə bağlı bazar rəhbərliyi onlara xəbərdarlıq edib.

Hazırda bazarda qismən təşviş müşahidə olunur. Satıcılar ehtiyat tədbiri olaraq mağazalarını toplamağa başlayıblar.

Aktual.ge məsələ ilə bağlı Marneuli Meliorasiya Xidməti ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə, hazırda Alqet çayının səviyyəsi yoxlanılır və əlavə məlumatın yaxın vaxtda təqdim olunacağı bildirilib.

Xatırladaq ki, 2024-cü ilin 25 may axşam saatlarından başlayan leysan yağış 26 may gecə saatlarında daha da şiddətlənib və Alget, Xram, eləcə də Debet çaylarının daşmasına səbəb olub. Çayların daşması Marneuli xüsusən Marneuli Mərkəzi Bazarına ciddi ziyan vurub. Əksər mağazaları su basıb. Bütün sahələrdə fəaliyyət göstərən ticarətçilərin məhsulları yararsız hala düşüb. Təbii fəlakətin vurduğu ziyan qeyri-rəsmi hesablamalara görə, 5 milyon larinin üzərində olub.

ŞƏRH YAZ
7