İrakli Kobaxidze Rəcəb Tayyib Ərdoğanla görüşüb
12.04.2025 20:59
388
Siyasət
A
İrakli Kobaxidze Rəcəb Tayyib Ərdoğanla görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Aktual.ge xəbər verir ki, Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq müzakirə olunub.

Baş nazir Prezident Ərdoğana qonaqpərvərliyə görə təşəkkür edib və forumun müxtəlif məsələlər üzrə liderlər arasında fikir mübadiləsi üçün mühüm platformaya çevrildiyini vurğulayıb.

İrakli Kobaxidze Rəcəb Tayyib Ərdoğanı rəsmi səfərlə Gürcüstana dəvət edib.

Tərəflər birgə iqtisadi komitənin fəaliyyətinin bərpasının əhəmiyyətini müzakirə ediblər və növbəti iclasın yaxın zamanda keçirilməsinə hazırlıqlarını təsdiqləyiblər. Bildirilib ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və ümid ifadə olunub ki, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 5 milyard ABŞ dollarına çatacaq.

Görüşdə Yaxın Şərqdə baş verən hadisələrə və Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə də diqqət yetirilib. Baş nazir Gürcüstanın bölgədə etimadın bərpasına və uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş dialoqa dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Görüşdə həmçinin Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının əhəmiyyəti müzakirə olunub və bu format çərçivəsində növbəti nazirlər görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

ŞƏRH YAZ
12