
Xarici beynəlxalq təşkilatlar tərəfindən qrantların verilməsinə nəzarətlə bağlı hökumətin səlahiyyətləri və Antikorrupsiya Bürosunun təsir vasitələri daha da genişlənə bilər.
Aktual.ge xəbər verir ki, bununla bağlı "Qrantlar haqqında" qanuna dəyişiklik layihəsi nəzərdən keçiriləcək.
Qeyd edək ki, müvafiq təkliflə Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi çıxış edib.
Komitə bu gün keçirilən iclasda “Gürcü Arzusu” fraksiyasının qanunvericilik təşəbbüsünü birinci oxunuşda – prinsip səviyyəsində müzakirə edib. Təşəbbüs qüvvəyə mindikdən sonra beynəlxalq donorlar Gürcüstan hökumətinin razılığı olmadan qrant verə bilməyəcəklər. Qanun layihəsinə əsasən, xarici qrantın qəbul edilməsi üçün hökumətin və ya onun müəyyən etdiyi səlahiyyətli şəxsin razılığı tələb olunacaq – razılıq olmadan verilən qrantların qəbul edilməsi qadağan ediləcək və məsuliyyət doğuracaq.
Komitənin sədri Arçil Qorduladzenin dediyinə görə, qanun çərçivəsində maksimum səviyyədə qarşısı alınmalıdır ki, “vicdansız insanlar fəlakət törətmək cəhdinə yer tapmasınlar”.
Komitə sədri qeyd edib ki, Antikorrupsiya Bürosunun bu cür hallara nəzarət etmək və uyğun tədbir, eləcə də prosedurları həyata keçirmək səlahiyyəti olmalıdır.
Arçil Qorduladze deyib ki, bəzi şəxslər ümumiyyətlə hökumətə müraciət etmədən qrant alaraq qanunvericilik çərçivəsindən yan keçə bilərlər.
Komitə sədri parlamentə təqdim edilən qanun layihəsinin bir sıra istiqamətlər üzrə dəyişdirilməsini təklif edib və bu dəyişikliklərin layihədə əks olunmasına məruzəçi razılıq verib.
“Ola bilər ki, donor və hökumət arasında razılaşdırılmış qrant konkret məqsəd üçün verilsin, lakin qrant alan həmin vəsaiti başqa məqsədlə xərcləsin. Bu, praktikada bir neçə dəfə baş verib. Bu cür gizli, riyakarlıqla qurulmuş razılaşmaların da qarşısını almaq üçün təklif edirik ki, əgər qrantın istifadəsi sonradan dəyişdirilmiş məqsədə yönəldiləcəksə, bu halda da hökumətin razılığı tələb olunsun. Əgər razılaşdırılmış məqsəd dəyişdirilərsə və qrant alan vəsaiti başqa məqsədlə istifadə edərsə, bu, hökumətin razılığı olmadan verilmiş qrant sayılacaq və bu halda qanunda nəzərdə tutulan məsuliyyət tədbirləri tətbiq olunacaq”, - deyə Arçil Qorduladze komitənin iclasında söyləyib.
"Gürcü Arzusu"nun "Qrantlar haqqında" qanun təklif etdyii dəyişiklik qanun layihəsinə əsasən, qrant verilməsinə hökumətin razılığını almaq üçün 10 günlük müddət nəzərdə tutulur. Qrant müqaviləsi isə kifayət qədər həcmlidir və kompleks məsələləri tənzimləyir. Bu səbəbdən Arçil Qorduladze qeyd edib ki, 10 günlük müddət qeyri-relevant ola bilər və bu müddətin layihədən çıxarılması, qərarların qəbuluna dair ümumi müddətlərin tətbiq olunması daha məqsədəuyğundur.
Komitə sədri digər təklifinə əsasən, hökumət qrantın verilməsinə razılıq verərkən yalnız qrant müqaviləsini və onun müddəalarını yox, həm də əlavə sənədləri və məlumatları tələb etmək səlahiyyətinə malik olmalıdır.
Qanun layihəsinin istisnalarla bağlı hissəsi də düzəldiləcək. Belə ki, təqdim edilən layihəyə əsasən, hökumətin razılığı tələbi beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlara, Gürcüstan hüdudlarından kənarda orta və ali təhsil və elmi fəaliyyət üçün verilən fərdi təqaüdlərə, habelə Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan alınan qrantlara şamil olunmur. Komitə sədrinin fikrincə, istisnalar sırasında beynəlxalq təşkilatların olması uyğun deyil və layihədən çıxarılmalıdır.