
Narkotik cinayətləri ilə bağlı keçirilmiş xüsusi əməliyyat nəticəsində Tbilisi şəhərində 4 nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumayt yayıb.
Nazirliyin açıqlamasına əsasən, saxlanılan şəxslər xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, satışı, satışa cəhd və satışa hazırlıqda ittiham olunurlar. Cinayət işi üzrə nəzərdə tutulan cəza 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni əhatə edir.
Saxlanılan şəxslər bunlardır:
1984-cü il təvəllüdlü S.K;
Əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan, 1973-cü il təvəllüdlü K.X;
Əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü R.A;
1990-cı il təvəllüdlü D.S.
Axtarış zamanı saxlanılan şəxslərin üzərindən və avtomobillərindən, eləcə də istintaq eksperimentləri nəticəsində onların göstərdiyi ünvanlardan sübut kimi satış məqsədilə gizlədilmiş müxtəlif növ narkotik vasitələr – "Alfa-PVP", "Metadon" və "Buprenorfin" aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü, 5-ci və 6-cı hissələri, 18-260-cı maddənin 5-ci hissəsi, eləcə də 19-260-cı maddənin 4-cü, 5-ci və 7-ci hissələri üzrə davam etdirilir.