
Seçki kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Mixeil Kavelaşvili ilk rəsmi xarici səfərini Azərbaycan Respublikasına edir.
Aktual.ge xəbər verir ki, səfər çərçivəsində Kavelaşvilinin Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazirlə yüksək səviyyəli görüşləri nəzərdə tutulur.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze jurnalistlərə bildirib ki, bu görüşlərdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq:
“Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. Məhz ilk səfərin Azərbaycana reallaşması son dərəcə əhəmiyyətlidir. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev, Baş nazir və Milli Məclisin sədri ilə yüksək səviyyəli görüşlər keçiriləcək. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik, eləcə də iki ölkə arasında həyata keçirilən mühüm iqtisadi layihələr, xüsusilə bərpa olunan enerji və digər irimiqyaslı layihələr müzakirə olunacaq”, – deyə səfir vurğulayıb.
Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri 16 aprel tarixində başa çatacaq.