
Bir neçə gün əvvəl sosial şəbəkələrdə azyaşlıya qarşı zorakılığı əks etdirən video yayılıb. Görüntülərdə 13 yaşlı qızın, yaşı 16-17 olan bir yeniyetmə qız tərəfindən fiziki zorakılığa məruz qalması, təhqir edilməsi və hədələnməsi əks olunub.
Aktual.ge xəbər verir ki, Rustavi 2 telekanalı hadisə ilə bağlı yeni təfərrüatları yayıb.
Məlumata görə, 13 yaşlı qız artıq rəsmi olaraq zərərçəkmiş kimi tanınıb və onun bədənində müxtəlif dərəcəli xəsarətlər aşkarlanıb.
İlkin araşdırmalara əsasən, münaqişə telefon zəngi ilə başlayıb və nəticədə 13 yaşlı yeniyetmə fiziki zorakılığa məruz qalıb. Hadisə ictimai ərazidə baş versə də, ətrafdakı şəxslər hadisəyə müdaxilə etməyib və görüntüləri mobil telefonla qeydə alıblar.
Artıq hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb. Şahidlər ifadə verib, zorakılığı törətməkdə şübhəli bilinən 16 yaşlı qız barəsində cinayət məsuliyyəti tədbirləri görülüb.
Təqsirləndirilən yeniyetmənin vəkili Diana Firumiani məsələ ilə bağlı deyib:
“Onunla görüşdüm, ona qarşı rəsmi ittiham irəli sürülüb. Valideyn ifadə prosesində iştirak etməsə də, sosial işçi hadisə zamanı orada olub. Hazırda azyaşlı həbsdə deyil və susmaq hüququndan istifadə edir”.