
Gürcüstanda 230 min lari dəyərində aksizsiz malların qaçaqmalçılığında və idxalında ittiham olunan iki nəfər saxlanılıb
Aktual.ge xəbər verir ki, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, qaçaqmalçılıq, rüsumsuz malların saxlanması və daşınması faktı aşkar edilib. Qurumdan verilən açıqlamada bildirilir ki, qabaqcadan razılaşma əsasında bir qrup şəxs Gürcüstanın gömrük sərhədini pozaraq, gömrük nəzarətindən yayınıb və məcburi aksiz markaları ilə markalanmalı olan, xüsusilə külli miqdarda malları aksiz markaları olmadan ölkəyə daxil ediblər, nəticədə iki xarici ölkə vətəndaşı saxlanılıb.
"Aparılan istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər gömrük bəyannaməsində saxta məlumatların daxil edilməsi yolu ilə, “Qazbegi” gömrük-keçid məntəqəsindən istifadə edərək, yük avtomobili ilə Gürcüstanın gömrük sərhədindən xüsusilə böyük miqdarda bəyan edilməmiş, aksizsiz alkoqollu içkilər, tütün məmulatları və digər malları keçiriblər. Daha sonra həmin mallar daşınma və satış məqsədilə onların mülkiyyətində olan avtomobilə doldurulub və məhz bu zaman onlar ifşa olunublar. Əldə olunan malların ümumi dəyəri 230 000 laridən çoxdur.
Hazırda istintaq Cinayət Məcəlləsinin 214-cü maddəsinin 5-ci hissəsi və 200-cü maddəsinin 3-cü hissəsi üzrə aparılır ki, bu da 8 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", – deyə məlumatda qeyd olunur.