
Pasxa günlərində bələdiyyə nəqliyyatı vətəndaşlara pulsuz xidmət göstərəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi Bələdiyyəsinin hökumət iclasında paytaxt meri Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, 20 və 21 aprel tarixlərində şəhərin müxtəlif qəbiristanlıqları istiqamətində 9 müvəqqəti marşrut xətti təşkil olunacaq. Səhər saat 08:00-dan axşam saat 20:00-dək bu marşrutlar üzrə hərəkət edən avtobuslar vətəndaşlara tamamilə pulsuz xidmət göstərəcək.
"Pasxa bayramı yaxınlaşır. Ənənəyə uyğun olaraq, Pasxa gecəsində Tbilisi metrosu uzadılmış iş rejimində fəaliyyət göstərəcək. Vətəndaşların rahat və fasiləsiz gediş-gəlişini təmin etmək məqsədilə 20 aprel saat 23:00-dan 21 aprel saat 04:00-dək metrodan istifadə tamamilə pulsuz olacaq," – deyə Kaladze bildirib.
Tbilisi şəhəri daxilində qəbiristanlıqlara gedən marşrutlara gəldikdə isə, Kaladzenin sözlərinə görə, 20 və 21 aprel tarixlərində təşkil olunacaq 9 müvəqqəti marşrut aşağıdakı ərazilərdən fəaliyyət göstərəcək:
“Marjaneşvili”, “Delisi”, “Sarajişvili”, “Varketili”, “Vağzal Meydanı” metro stansiyalarının yaxınlığında yerləşən dayanacaqlardan;
“Didube” metro stansiyasının yuxarı çıxışından;
Besarion Çiçinadze küçəsindən;
Varketili III massivindən, xüsusilə Şuamta və Abaşvili küçələrinin kəsişməsindən.