22.04.2025 17:19
339
Siyasət
A
"Avropa inteqrasiyası bəhanə edilərək cəmiyyətdə qarşıdurma yaradılır" - Kaladze

Tbilisi meri və “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze Avropa inteqrasiyası prosesinə dair son açıqlamaları ilə diqqət çəkib.

Aktual.ge xəbər verir ki, Kaladze bəzi dairələrin Avropa inteqrasiyası məsələsini daxili qarşıdurma yaratmaq, radikal qrupları fəallaşdırmaq və xalq arasında parçalanma yaratmaq üçün alətə çevirdiyini bildirib.

O qeyd edib ki, vizaliberallaşma ilə bağlı təzyiqlər və şantaj yeni hal deyil:

“Əvvəlcə namizəd statusunun verilib-verilməməsi məsələsi gündəmdə idi, sonra isə danışıqların açılıb-açılmaması məsələsi müzakirə olundu. İndi isə vizaliberallaşmanın ləğvi kimi məsələlər ortaya atılır. Biz heç kimə qarşı çıxmırıq, sadəcə olaraq ölkəmizin maraqlarını müdafiə edirik. Gürcüstan artıq heç kimdən göstəriş almır. Avropa bizim üçün azad söz və fikir ifadəsi, mülkiyyət hüququ və biznesin toxunulmazlığı deməkdir.”

Kaladze Avropa qurumlarının Gürcüstan hökumətinə və xalqına təzyiqlərini qəbuledilməz hesab etdiyini vurğulayıb:

“Əvvəllər bizə göstəriş verirdilər, indi isə bu yanaşmanı davam etdirə bilmədikləri üçün aqressiv addımlara əl atırlar. Radikal qrupların yenidən fəallaşması, cəmiyyətin parçalanması və hətta dövlət çevrilişi cəhdləri bu prosesin nəticəsi oldu. Lakin onlar bu cəhdlərində uğursuz oldular.”

O, Gürcüstanın müstəqillik əldə etdikdən sonra sülh yolu ilə inkişafı seçdiyini və heç vaxt onun rəhbərliyi dövründə müharibəyə sürüklənmədiyini də vurğulayıb:

“Xaricdən edilən təzyiqlərə baxmayaraq, ikinci cəbhənin açılmasına imkan vermədik. Sülh və iqtisadi inkişaf bizim əsas prioritetlərimizdir. Gürcüstanın maraqlarını heç bir xarici qüvvəyə qurban verməyəcəyik.”

ŞƏRH YAZ
12