Marneuli meriyasının tenderini mer müavininin atasına məxsus şirkət udub
23.04.2025 12:35
1557
Siyasət
A
Marneuli meriyasının tenderini mer müavininin atasına məxsus şirkət udub

Marneuli meriyasının Tsereteli kəndində yol infrastrukturunun yenilənməsi məqsədilə elan etdiyi və ümumi dəyəri 5 milyon 159 min 826 lari olan tenderin qalibi, mer müavini Temur Şubitidzenin atasına məxsus “Ktsia” MMC olub.

Aktual.ge xəbər verir ki, layihə sənədlərinə əsasən, Tsereteli kəndində daxili yolların bərpası nəzərdə tutulur.

“Ktsia” şirkəti bu işləri 4 milyon 400 min lariyə yerinə yetirməyi təklif edib. Marneuli meriyası təqdim olunmuş təklifi qəbul edərək “Ktsia” MMC-ni qalib elan edib və şirkətlə müqavilə bağlamağa hazırlaşır.

Bundan əlavə, “Ktsia” MMC Tamarisi kəndində yolun asfaltlanması məqsədilə elan olunan və dəyəri 5 milyon 640 min 394 lari olan başqa bir tenderə də müraciət edib. Hazırda meriya bu tender üzrə təqdim olunmuş təklifi qiymətləndirir.

Qeyd edək ki, bu tenderdə də yalnız bir şirkət – “Ktsia” MMC iştirak edir. Layihə sənədlərinə əsasən, sözügedən tender Tamarisi kəndinə giriş yolunun yenidən qurulmasını nəzərdə tutur.

Paata Şubitidzenin rəhbərlik etdiyi “Ktsia” MMC uzun illərdir Marneuli meriyasının müxtəlif tenderlərində qalib olur. Şirkətin digər 50 faizlik payı Vladimir Tkeşelaşviliyə məxsusdur və bu pay hazırda Ketevan Tkeşelaşvili tərəfindən idarə olunur.

Şirkətin təqdim etdiyi sənədlərə əsasən, 50 faiz pay sahibi olan Paata Şubitidze ilə əmək müqaviləsi bağlanılıb. Müqaviləyə görə, o, “Ktsia” MMC-də baş mühəndis vəzifəsini icra edir və aylıq 15 000 lari əməkhaqqı alır.

Məlumat üçün bildirək ki, Marneuli Meriyasında tenderlərin qaliblərini müəyyən edən "Tender Komissiyası"nın üzvləri aşağıdakılardır:

  • Komissiya sədri: Kənan Ömərov, sədr müavini Roin Dekanoidze.

  • Komissiya üzvləri:

    • Temur Şubitidze

    • Mamuka Şubitidze

    • Zurab Panqani

    • Koba Çxitiudze

    • Beka Abdelani

    • İlya Ğalabeqaşvili

    • Aqil Əmircanov

    • İnqa Abramişvili

    • Malxaz Samaşvili

 

ŞƏRH YAZ
12