İranda limanda partlayış olub: 8 ölü, 750 yaralı - FOTO
26.04.2025 23:38
418
Dünya
A
İranda limanda partlayış olub: 8 ölü, 750 yaralı - FOTO

İranın cənubunda, Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışlar böyük yanğına səbəb olub. Yanğın nəticəsində alov ətrafdakı konteynerlərə keçib, hazırda yanğının söndürülməsi davam edir.

Aktual.ge xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, yaralananların sayı isə 750 nəfərə çatıb.

İranın "Tasnim" agentliyinin məlumatına görə, yaralanan şəxslərin əksəriyyəti ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hazırda vəziyyət nəzarət altındadır. Yanğının söndürülməsi üçün qonşu ostanlardan bir neçə helikopter cəlb olunub.

Eyni zamanda, İran KİV-nin verdiyi xəbərə görə, partlayışlar davam etdiyi üçün ölkədə fövqəladə vəziyyət elan edilib. Partlayışlar nəticəsində havaya təhlükəli və çirkli maddələrin yayılması riski yaranıb.

İranın səlahiyyətli orqanları partlayışların limandakı təhlükəli yüklər və kimyəvi maddələrin saxlanıldığı konteyner terminalında baş verdiyini bildiriblər. Hadisənin dəqiq səbəbləri ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

Qeyd edək ki, partlayışlar Oman Sultanlığında keçirilən İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının üçüncü raundu başladıqdan qısa müddət sonra baş verib.

Yerli Böhranlı Vəziyyətləri İdarəetmə Departamentinin nümayəndəsi dövlət televiziyasına bildirib ki, insident limanın estakada ərazisində saxlanılan bir neçə konteynerin partlaması nəticəsində baş verib. Hal-hazırda liman ərazisində genişmiqyaslı təxliyə işləri aparılır.

ŞƏRH YAZ
9