08.05.2025 12:20
218
Siyasət
A
"Bayden administrasiyasının sözçüləri susduqdan sonra danışmağa Avropa Komissiyasının sözçüsü başladı" – Papuaşvili

Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Bayden administrasiyasının mətbuat sözçüləri susduqdan sonra Avropa Komissiyasının sözçüsü danışmağa başladı.

Aktual.ge xəbər verir ki, o, bu bəyanatla Avropa Komissiyasının mətbuat xidmətinin Gürcüstan hökumətinin atdığı addımları narahatedici sayan və onların Aİ namizəd ölkəsindən gözlənilən meyarlara uyğun gəlmədiyini bildirən açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, Gürcü xalqına qarşı həyata keçirilən orkestrləşdirilmiş hücumlar artıq açıq şəkildə görünür:

“Artıq açıq-aydın görünür ki, Bayden administrasiyasının sözçüləri susduqdan sonra danışmağa Avropa Komissiyasının sözçüsü başladı. Mən Avropa Komissiyasının mətbuat xidmətinə demək istəyirəm ki, Gürcü xalqına qarşı həyata keçirilən orkestrləşdirilmiş hücumlar artıq aydın və göz önündədir.
Avropa strukturlarına və bu koordinasiyalı fəaliyyətə gəlincə, sizə xatırladım ki, ABŞ-da mövcud olan xarici agentlər reyestri vasitəsilə öyrəndik ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələri əslində amerikalı lobbiçilər yazıb. Bəli, biz sonradan öyrəndik ki, həmin qətnamələr amerikalı lobbiçilər tərəfindən hazırlanıb.
Mən bilmirəm Avropa Komissiyasının sözçüsünə bəyanatları kim yazır, amma hesab edirəm ki, o, doğrudan da Gürcüstanla bağlı danışmağa özünü səlahiyyətli hesab edirsə, daha vacib suallara cavab verməlidir.
Bu gün, ABŞ zərərli maliyyələşməni – dezinformasiya, zorakı qruplar və təbliğatın USAID və digər kanallar vasitəsilə yayılmasını – dayandırdıqdan sonra, artıq Avropa İttifaqının büdcəsi bu tipli təbliğatın, nifrət ritorikasının və zorakılığın əsas mənbəyinə çevrilib.
Əgər Avropa Komissiyasının sözçüsü özünü Gürcüstanla bağlı danışmağa layiq görürsə, buyursun cavab versin: Avropa İttifaqının büdcəsindən ayrılan və siyasi partiyalara axıdılan vəsaitlərə yenidən baxmağı planlaşdırırlarmı?
Artıq sübut olunub ki, Avropa Komissiyasının yaratdığı təşkilat – EED vasitəsilə ayrılan vəsaitlərlə radikal siyasi partiyalar, siyasi qruplar, dezinformasiya yayımı ilə məşğul olan media qurumları və anti-gürcü təbliğat maliyyələşdirilir. Əgər doğrudan da Gürcüstan haqqında danışmaq istəyirlərsə, gəlsinlər, bu suallara cavab versinlər”.

Məlumat üçün bildirək ki, Avropa Komissiyasının mətbuat xidmətinin açıqlamasında deyilir ki, ABŞ Konqresinin qəbul etdiyi “MEGOBARI Aktı” beynəlxalq ictimaiyyətin Gürcüstanda baş verən prosesləri yaxından izlədiyini göstərir.Avropa Komissiyasının mətbuat xidməti bildirib ki, Gürcüstan hakimiyyətinin atdığı addımlar narahatedicidir və Aİ strukturlarının namizəd ölkədən gözlədiklərinə uyğun deyil. Onlar Gürcüstan hakimiyyətini Avropa dəyərləri ilə ziddiyyət təşkil edən qanunvericiliyi ləğv etməyə çağırıblar.

ŞƏRH YAZ
8