
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa və ABŞ-ın vitse-prezidenti Cey Di Vensə açıq məktubla müraciət edir.
Aktual.ge xəbər verir ki, hökumət başçısı məktubunda qeyd edib ki, o, bir neçə həftə əvvəl ABŞ-a Gürcüstan-Amerika münasibətləri ilə bağlı məktub ünvanlayıb, lakin hələ də cavab almayıb.
Aktual.ge Baş nazirin məktubunu olduğunu kimi təqdim edir:
"Bir neçə həftə əvvəl sizə məktubla müraciət etdim və Gürcüstan-Amerika münasibətlərinə dair fikirlərimi bölüşdüm. Bu məktubdan əvvəlki dövrdə də açıq bəyanatlarla çıxış edərək, Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında yenidən sıfırdan qurmağa hazır olduğunu bildirmişdim. Lakin nə məktubumuza, nə də həmin bəyanatlara bu günə qədər heç bir cavab verilməyib. Daha da təəccüblüsü odur ki, bu günə qədər Gürcüstan və ABŞ hökumətləri arasında yüksək səviyyədə heç bir rəsmi əlaqə baş tutmayıb.
Bu səssizlik gürcü xalqı və Gürcüstan hakimiyyəti üçün bir neçə səbəbdən təəccüblüdür:
- İlk növbədə, Gürcüstan uzun illərdir ki, çətin regionda ABŞ-ın ən etibarlı tərəfdaşıdır və bu regionun ABŞ üçün strateji əhəmiyyəti var. Gürcüstan ABŞ-ı İraq və Əfqanıstan kimi ən gərgin nöqtələrdə dəstəkləyib, burada əhalinin sayına görə ən çox əsgərlə iştirak edib. Təkcə bu iki missiyadakı iştirakı ilə, bizim kiçik ölkəmiz ABŞ-a 2.5 milyard dollar qənaət etdirib ki, bu da ABŞ-ın Gürcüstana göstərdiyi real (!) maliyyə yardımını dəfələrlə üstələyir. (Burada 'real yardım' dedikdə 2008–2011-ci illərdə ABŞ büdcəsindən sabiq prezident Mixeil Saakaşvilinin rejimini qorumaq üçün ayrılan vəsaitlər nəzərdə tutulmur. Həmçinin USAID, NED, Soros fondu və digər vasitələrlə Gürcüstanda radikalizmi və nifrəti qızışdırmaq, inqilablar təşkil etmək, Pravoslav Kilsəsinin nüfuzuna zərbə vurmaq, dini ekstremizmi təşviq etmək, dövlət institutlarını zəiflətmək, gender və LGBT təbliğatı aparmaq kimi məqsədlərlə ayrılmış pullar da 'real yardım' hesab olunmur.) Gürcüstan bu qədər il ərzində ABŞ üçün həqiqi strateji tərəfdaş olaraq qalmağa davam edibsə və bu tərəfdaşlığı bərpa etməyə hazırdırsa, yeni administrasiyanın səssizliyi həm Gürcüstan hökuməti, həm də xalqı üçün anlaşılmazdır.
- Beynəlxalq reytinqlərə əsasən, Gürcüstan regionda demokratiya, qanunun aliliyi, insan haqları, media azadlığı, məhkəmələrin müstəqilliyi, dövlət institutlarının gücü, korrupsiyanın azlığı və digər göstəricilər üzrə liderdir. Gürcüstanın liderliyi, sizin administrasiyanın xüsusi etimad göstərdiyi institutlar tərəfindən də təsdiqlənir. Siz bir çox, hətta açıq şəkildə qeyri-demokratik və avtoritar rejimlərlə belə aktiv dialoq və əlaqə saxlayırsınız. Bu şəraitdə Gürcüstanla bağlı səssizliyin məntiqi izahı yoxdur.
- Xüsusilə əhəmiyyətli olan budur ki, bizim hökumətimizin və sizin administrasiyanın ictimai ritorikasına nəzər salsaq, bizim baxışlarımız arasında dəyər və ideoloji baxımdan tam uyğunluq aydın görünür. Biz 'dərin dövlət', USAID, NED və digər qurumların cinayətkar fəaliyyəti haqqında açıq danışmışıq – bunu sizdən bir neçə il əvvəl etmişik. Biz Ukrayna müharibəsi, gender və LGBT təbliğatı və digər məsələlər üzrə eyni fikirləri bölüşürük. Belə bir ideoloji və dəyərlərə əsaslanan uyğunluq fonunda, gürcü xalqının ilkin gözləntisi o idi ki, sizin administrasiyanız Gürcüstana xüsusi maraq göstərəcək. Siz bu marağı Rumıniya və Almaniyaya göstərdiniz, halbuki bu ölkələrdə Avropa bürokratiyasının dəstəyi ilə qeyri-demokratik addımlar atıldı. Amma Gürcüstana belə bir marağın göstərilməməsi həm xalq, həm də hökumət üçün təəccüblüdür.
- Üstəlik, hələ də Gürcüstanın baş nazir müavini və digər hökumət üzvlərinə qarşı tamamilə anlaşılmaz sanksiyalar qüvvədədir. Halbuki bu şəxslər Bayden administrasiyasının planlaşdırdığı və USAID xətti ilə maliyyələşdirilən inqilab cəhdinin və zorakılığın qarşısını effektiv şəkildə alıblar. Bundan əlavə, bir neçə gün əvvəl ABŞ Konqresi 'MEGOBARI Aktı' adlanan absurda çevrilmiş qanunu qəbul etdi. Bu qanun gürcü xalqına və onun seçdiyi hakimiyyətə qarşı açıq-aşkar düşmən mövqe daşıyır. 'MEGOBARI' sözünün mənasından çıxış etsək, bu qanun Corc Oruellin modelini – 'müharibə sülhdür, düşmən dostdur' – xatırladır. Digər ölkə parlamentlərindən də bu cür absurd aktlara artıq alışmışıq və əslində bu 'MEGOBARI Aktı'na fikir verməzdik, əgər bu aktın sizin administrasiyanız tərəfindən dəstəkləndiyi barədə rəy geniş yayılmasaydı. Sizin administrasiyanın bu qanunla bağlı heç bir tənqidi açıqlama verməməsi də bu təəssüratı gücləndirir. Bu səbəbdən bu qanun yalnız Konqresə deyil, təəssüf ki, sizin administrasiyaya olan etimadı da zədələyir. Halbuki gürcü cəmiyyəti sizin administrasiyaya başqa bir ümidlə baxırdı.
Son hadisələr gürcü cəmiyyətində belə bir hiss yaradıb ki, 'Dərin dövlət'ə qarşı verilən bəyanatlar sadəcə onun rebrendinqinə yönəlmiş görüntüdür. İnsanlar təəccüblənir ki, siz Baydenin qərarlarını sərt tənqid edirsiniz, amma onun cinayətkar qərarlarını bu günə qədər dəyişmirsiniz.
Buna baxmayaraq, hökumətimiz ictimai bəyanatlarında hələ də optimist mövqe nümayiş etdirir – inanır ki, sizin administrasiya 'Dərin dövlət'i həqiqətən məğlub edə bilər və bu da Gürcüstan-Amerika münasibətlərinin yenidən yüklənməsinə və strateji tərəfdaşlığın bərpasına gətirib çıxarar. Biz bu ümidlə yaşayırıq. Əks təqdirdə, Bayden administrasiyası tərəfindən hazırlanmış inqilab ssenariləri həyata keçməyə davam edəcək. Xatırlatmaq istəyirik ki, USAID və NED tərəfindən təlim keçmiş və maliyyələşdirilən 250 nəfər hələ də hər gün ölkənin paytaxtının mərkəzi küçəsində toplaşır. Bu isə 'Dərin dövlət'in hələ də inqilab planından əl çəkmədiyinə açıq sübutdur.
Artan suallara baxmayaraq, biz optimizmi qoruyuruq və inanırıq ki, sizin 'Dərin dövlətə'ə qarşı apardığınız mübarizə səmimidir və bu mübarizə qələbə ilə başa çatacaq. Gürcüstan hökuməti bu məqamı səbirsizliklə gözləyir – bu məqam ölkələrimiz arasında münasibətlərin yenidən inkişaf etməsinin və strateji tərəfdaşlığın bərpasının əsasını təşkil etməlidir.
Bu mübarizədə sizə uğurlar arzulayırıq!
Amerika Birləşmiş Ştatlarına möhkəmlik və rifah diləyirik!".