
Hakim Nino Taraşvili prokurorluğun vəsatətini təmin edib və İrakli Okruaşvilinin barəsində seçilmiş qətimkan tədbirini həbs ilə əvəz edib
Aktual.ge xəbər verir ki, Okruaşvili məhkəmə zalında həbs olunub.
Tbilisi Şəhər Məhkəməsində keçmiş müdafiə naziri İrakli Okruaşvilinin məhkəməyəqədərki prosesi keçirilib. Prokurorluq, sabiq nazirin girovu ödəmədiyinə görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
İrakli Okruaşviliyə 8 aprel tarixində komissiyaya gəlmədiyi üçün qətimkan tədbiri olaraq 20 000 lari məbləğində girov təyin olunmuşdu və ölkədən çıxmaq qadağan edilmişdi. Girovun ödənilməsi üçün ona 30 günlük müddət verilmişdi, bu müddət isə 8 mayda başa çatıb.
O, komissiyaya ifadə vermək üçün 26 martda çağırılmışdı, lakin getməkdən imtina etmişdi. Bundan sonra sabiq müdafiə naziri Tbilisi Şəhər Məhkəməsinə ifadə vermək üçün çağırıldı və istintaq orqanlarının suallarını magistrat hakim qarşısında cavablandırdı.
İrakli Okruaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsini” nəzərdə tutur. Bu əməlin cəzası cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə, üç ilədək müəyyən vəzifə və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə ola bilər.