
Gürcüstan parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi “MEGOBARI Aktı” ("Dostluq Aktı") ilə bağlı bəyanat hazırlayıb.
Aktual.ge xəbər verir ki, bəyanatı Xarici Əlaqələr Komitəsinə parlamentin sədri Şalva Papuaşvili təqdim edib.
Bəyanatda deyilir ki, “Dostluq” adlanan akt Gürcüstana, gürcü xalqına və ölkə hakimiyyətinə qarşı düşmənçilik ruhunu əks etdirir, həmçinin çoxsaylı faktiki səhvlər və məntiqi ziddiyyətləri ehtiva edir.
Parlamentin yayımladığı bəyanatda ABŞ Konqresinin Gürcüstana qarşı sərgilədiyi münasibət “ədalətsiz və qərəzli” kimi qiymətləndirilib.
Sənəddə vurğulanıb ki, Gürcüstan cəmiyyəti artıq Avropa Parlamentinin 2022-ci ildən etibarən ölkəyə qarşı qəbul etdiyi 6 “müxalif” qərarı ciddiyə almır və ABŞ Konqresinin mövqeyini də eyni şəkildə qeyri-ciddi hesab edir. Gürcüstan parlamentinin fikrincə, bu cür qərarlar ABŞ Konqresinin tarixindəki nüfuzuna ciddi zərbə vurur.
Parlament, Gürcüstanın digər ölkələrlə, o cümlədən Çin və İranla münasibətlərinin ABŞ tərəfindən tənqid edilməsinin məntiqsiz olduğunu və ABŞ-nin Gürcüstana qarşı tələblərinin düzgün olmadığını bəyan edib. Xüsusilə, Gürcüstanın İranla əlaqələrinin başqa region ölkələri ilə müqayisədə zəif olduğu qeyd edilib.
Həmçinin, Gürcüstan parlamenti ABŞ Konqresinin Gürcüstana qarşı sərt mövqe tutmasının səbəbi kimi Gürcüstanın "dərin dövlət"in təzyiqlərinə boyun əyməyərək Rusiyaya qarşı “ikinci cəbhə açmaq”dan imtina etməsini göstərib.
Qanunverici orqan, həmçinin, ABŞ Konqresi ilə əlaqələrin daha da yaxşılaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsi üçün hazır olduğunu bildirib.