
"Kadr dəyişikliyi tamamilə sağlam bir hadisədir, belə şeylər keçmişdə də baş verib və bu cür dəyişikliklər yalnız və yalnız bizim resurslarımızın güclənməsinə xidmət edir".
Aktual.ge xəbər verir ki, bunları Baş nazir İrakli Kobaxidze Batumidə jurnalistlərə son vaxtlar yerli bələdiyyələrdə baş verən istefalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rotasiya tamamilə normal və sağlam bir prosesdir.
"Rotasiya tamamilə normal, sağlam bir hadisədir. Mən bir daha Tornike Rijkvadzeyə illər boyu həm Acara Muxtar Respublikasının inkişafı, həm də partiyamızın məqsədlərinə çatmaq üçün həyata keçirdiyi fəaliyyətə görə təşəkkür etmək istəyirəm. Onun bu işlərdə böyük əməyi var və buna görə ona minnətdarlığımı bildirirəm.
Biz, o cümlədən, seçkilərə hazırlaşırıq və bu baxımdan təbii olaraq ciddi hazırlığımız var. Kadr dəyişikliklərinə gəlincə, bu, tamamilə sağlam bir prosesdir. Belə hallar daha əvvəl də baş verib və hər zaman bizim resurslarımızı gücləndirən addımlar olub. Merlər istefa qərarı veriblər. Səbəblərdən biri də yaxınlaşan seçkilərdir və ola bilsin, məhz bu dönəmdə onlar bu qərarı verməyi ən məqsədəuyğun hesab ediblər. Biz buna anlayışla yanaşırıq və bütün bələdiyyələrdə buna hazırıq. Seçkilərə fəal şəkildə hazırlaşırıq və həm 64 bələdiyyədə, həm də Acaranın 6 bələdiyyəsində mütləq şəkildə həm mer, həm də bələdiyyə məclisi seçkilərini qazanacağıq", - deyə İrakli Kobaxidze qeyd edib.