
14 may gecə saatlarında Tbilisidə Kür çayına düşən avtomobildəki 3 nəfərin axtarışı zamanı çayın səviyyəsi endirilib, lakin 45 gün əvvəl eyni çaya düşən 21 yaşlı Aytac Məmmədovanın axtarışı zamanı bu tədbirin görülməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aktual.ge xəbər verir ki, məsələyə münasibət bildirən siyasətçi Əhməd İmamquliyev bunu ikili standart adlandırıb.
“Aprelin 1-də itkin düşən 21 yaşlı Aytac Məmmədovanın axtarışını cəmi 1-2 gün davam etdirən hökumət, 14 mayda Kür çayına düşən avtomobildəki şəxsləri axtarmaq üçün suyun səviyyəsini endirəndə, təsadüfən Aytacın nəşini tapdılar.
Allah Aytaca rəhmət eləsin, ailəsinə və yaxınlarına səbir diləyirəm. Amma və lakin, illərdir dediyim bir həqiqəti təkrar etmək istəyirəm: ölkədə ikili standartlar hökm sürür. Bu hadisədən nəticə çıxarmağınızı, gələcək seçkilərdə kimə və nə üçün səs verdiyinizi dərk etmədən səs verməməyi sizdən xahiş edirəm.
Aytacın axtarışındakı səhlənkarlığa görə yalnız məsul qurumlar deyil, həm də bizim millətdən olub parlamentdə oturan marionet kuklalar – Savalan Mirzoyev və Zaur Dargallı da məsuliyyət daşıyır!” , – deyə Əhməd İmamquliyev qeyd edib.
Xatırladaq ki, 14 may səhər saatlarında qəza nəticəsində Kür çayına düşən avtomobildəki vətəndaşların xilas edilməsi üçün Daxili İşlər Nazirliyi səhər saatlarında bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Kür çayında aparılan xilasetmə tədbirləri çərçivəsində çayın məcrasında su səviyyəsi təbii səviyyəyədək azaldılacacaq.
Qeyd edək ki, 45 gün öncə Aytac Məmmədova Kür çayı düşdüyü məlumatları yayılıb. Onun cəsədi çaya düşdüyü ehtimal edilən yerdən təxminən 40-50 metr məsafədə aşkarlanaraq ekspertizaya göndərilib, nədicədə Aytaca məxsus olduğu müəyyən olunub. Cəsəd Tbilisidə Kür çayına düşən avtomobil və onun içərisindəki sərnişinlərin axtarışı zamanı aşkarlanıb.
"Niyə Aytac üçün Kür çayının suyu vaxtında endirilmədi?" - Məhəmmədəli diskriminasiyadan danışır